22 Dekabr 2024

Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarıdır

Demokratik, dünyəvi dövlət quruculuğunda inamla addımlayan Azərbaycan dünyaya inteqrasiya yolunda da mühüm nailiyyətlər əldə edib. Dünyanın bir çox nüfuzlu təşkilatlarına üzv olan Azərbaycanla mövcud əlaqələr gündən-günə inkişaf edir. Azərbaycan regional və qlobal layihələrin reallaşmasında fəal iştirak edir. Təkcə neft deyil, TAP və TANAP kimi qaz xətlərinin işə düşməsi ilə Avropanın enerji təhlükəsizliyi xəritəsi tamamilə dəyişmiş oldu.

Azərbaycanın Parlamentlərarası İttifaqla əlaqələri də dinamik şəkildə inkişafdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqunu qəbul etməsi əlaqələrin müasir dövrdə davamlığına əsaslanır. Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Dövlət başçımız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasının Azərbaycan xalqı və dövləti üçün tarixi məqam olduğunu qeyd edərək bunun regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaratdığını vurğulayıb. İkinci Qarabağ müharibəsinin nəticəsi Qafqazın yeni geosiyasi vəziyyətinin formalaşmasında mühüm mərhələ oldu.

Regionda yeni reallıqlar yaranıb. Dövlətimizin başçısı Minsk qrupunun 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədiyini vurğulayaraq, Azərbaycan torpaqlarının işğaldan azad olunmadığını diqqətə çatdırıb. Məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı. Döyüş əməliyyatlarının həyata keçirildiyi zaman kəsiyində dövlət başçısının informasiya savaşının ön cərgəsində dayanaraq, Azərbaycanın haqlı mövqeyini tutarlı faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı və Ermənistanın və onun havadarlarının, erməni diasporunun uzun illərdən bəri ölkəmizə qarşı apardığı total təbliğatı diplomatik və siyasi məharətlə alt-üst etmiş oldu. Həm Vətən müharibəsi, həm də ondan sonrakı dövrdə Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun böyük müsbət nəticələri özünü göstərdi.

Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasəti apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırıb. Dövlətimizin başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğulayıb. Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir.

Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan öz torpaqlarını beynəlxalq hüquq və prinsipləri rəhbər tutaraq azad edib. Azərbaycanda separatizmin kökünün kəsilməsi üçün həm maliyyələşmə mənbələrinin aradan qaldırılmasına nail olunub, həm də mifə çevrilmiş dırnaqarası “erməni faşizmi ideologiyası” birdəfəlik məhv edilib.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı