22 Dekabr 2024

20 Yanvar hadisəsindən 34 il ötür

Azadlığı uğrunda mübarizə tariximizə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 34 il ötür. Qanlı yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artmağa davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib. Sovet İttifaqı rəhbərliyinin ölkədə yaşayan digər millətlərə qarşı yürütdüyü ədalətsiz siyasət, iqtisadiyyatda uzun müddət ərzində davam edən durğunluğun tədricən böhranla əvəz olunması, əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün hökümət tərəfindən əməli tədbirlərin görülməməsi və digər neqativ hallar vətəndaşların haqlı narazılığına səbəb olmaqla yanaşı Azərbaycan xalqının illər boyunca öz daxilində yaşatdığı müstəqillik arzusunun gercəkləşməsinə zəmin yaratdı. Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi və Dağlıq Qarabağda qanunsuz fəaliyyətin baş qaldırması onsuz da mürəkkəb olan ictimai-siyasi vəziyyətin bir qədər də gərginləşməsinə gətirib çıxardı.

Bakıda və ətraf rayonlarında qoşunların qanunsuz yeridilməsi nəticəsində 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Hər il 20 yanvarın tarixində Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Dövlət fərmanlarına əsasən 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və Şəhid ailələri üçün təqaüdlərinin artırılması onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.

Allah bütün şəhidlərə rəhmət eləsin!

Emilya Abdullayeva

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı