22 Noyabr 2024

Avropa Rusiya aktivlərindən əldə olunan gəliri Ukraynaya vermək üçün işə başladı

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya yönləndirilməsi ilə bağlı Avropa Komissiyasının (AK) irəli sürdüyü planın həyata keçirilməsi üçün texniki işlərə başlayıb.

Media1.az xəbər verir ki, bunu Belçikanın baş nazirinin müavini və maliyyə naziri Vinsent van Peteqem Avropa İttifaqının İqtisadi və Maliyyə Şurasının iclasının yekunlarına dair onlayn yayımlanan mətbuat konfransında deyib.

Van Peteqemin sözlərinə görə, görüş iştirakçıları Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı “Avropa Komissiyası və Aİ diplomatiyasının rəhbəri tərəfindən dekabr ayında daxil olan təklifləri təhlil ediblər” və “bu məsələdə sürətlə hərəkət etmək niyyətlərini təsdiqləyiblər”. “Artıq texniki səviyyədə işlərə başlanılıb və biz sürətlə irəliləyiş əldə etmək niyyətindəyik”, – o əlavə edib.

Bloomberg 2023-cü il dekabrın 12-də yazmışdı ki, Avropa İttifaqı Rusiyanın dondurulmuş suveren aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirdən istifadə sxemi hazırlayıb və sonra onu Kiyevə göndərmək niyyətindədir. Sənədə əsasən, AK 2027-ci ilə qədər Rusiya Federasiyasının dondurulmuş aktivlərinin təkrar investisiyasından gəlir şəklində təxminən 15 milyard avro əldə etməyi planlaşdırır. Belə aktivlərin ən böyük həcmi – 191 milyard avro Belçikada Euroclear beynəlxalq platformasında bloklanıb və platforma 2023-cü ilin cəmi 9 ayında onlardan 3 milyard avro gəlir əldə ediblər. Avropa İttifaqı liderləri dekabrın 14-15-də keçirilən icma sammitində, gözləntilərin əksinə olaraq, AK-nin təklif etdiyi planı təsdiq etməyib.