23 Dekabr 2024

2 ildə 6 uşaq transformatorların qurbanı olub

“Azərişıq” rəsmisi: “Balansımızda olmayan transformatorlara müdaxilə edə bilmirik”

Ölkə ərazisindəki transformatorlar uşaqlar üçün təhlükə mənbəyinə çevrilib. Bunun başlıca səbəbi kimi valideyn laqeydliyi göstərilsə də, transformatorların bəzi hallarda lazımi qaydada mühafizə olunmaması, əsasən də uşaqların transformator məntəqələrinə girmələrinin asanlığı son nəticədə acınacaqlı durum yaradır. Bakının Xəzər rayonunda növbəti belə faciəli hadisə qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar xəttinə elektrik yarımstansiyasının ərazisində yeniyetmənin cəsadinin olması xəbəri daxil olub.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Transformatorda cərəyan vurması nəticəsində ölən 2005-ci il təvəllüdlü İsmayıl Misirxan oğlu Muradovun meyitinin götürülməsi üçün təhlükəsiz əməliyyat şəraiti təmin olunub. Xilasedicilər yeniyetmənin meyitini götürərək aidiyyəti üzrə təhvil veriblər. İsmayıl Muradov ölkə ərazisindəki trasformator məntəqələrinə cərəyan vurması nəticəsində dünyasını dəyişən ilk yeniyetmə deyil. 2020-ci ildə Zaqatalanın Çobankol kəndində 8 yaşlı Emin Əmrahovu elektrik transformatorunun üzərində yüksək gərginlikli elektrik cərəyanı vurub. Nəticədə azyaşlının sol əli tamam yanmışdı. Məlumata görə, Emin Əmrahov yüksək gərginlikli elektrik transformatorunun üstünə oynamaq üçün çıxıb. Azyaşlı oğlan Azərbaycanda açıq transformatorların elektrik naqillərindən zərər görən çoxsaylı qurbanlardan biridir. Daha bir oxşar hadisə həmin ilin yayında Qusarın Bədirqala kəndində baş verib. İtkin düşərək 3 gün sonra kəndin transformator otağından tapılmış Əmrah Əmrahov aldığı xəsarətlər nəticəsində ölüb. 2019-cu ilin oktyabr ayında Keşlə sakini 9 yaşlı Zəhra Əliyevanın transformatora düşərək yanması sol qolunun amputasiyası ilə nəticələnib. Digər hadisə 2019-cu ilin avqustunda Maştağanın Ləhic bağları adlanan ərazisində baş verib. 8 yaşlı Yusif Ələkbərli məhəllədəki transformatora yaxınlaşarkən onu cərəyan vurub və uşağın həyatını xilas etmək mümkün olmayıb. 2019-cu ilin sentyabr ayında Tovuzun Bozalqanlı kənd sakini 11 yaşlı Kamil Əhmədovun bədəninin 50 faizi yanmışdı.

Azərişıq"a mətbuat xidmətinin rəisi təyin edilib

Vaqif Mustafayev 

“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev “Yeni Müsavat”a deyib ki, Xəzər rayonunda ölüm faktı qeydə alınan transformator məntəqəsi təmsil etdiyi qurumun deyil: “Həmin transformator məntəqəsi “Socar”ın balansındadır. Orada mühafizəni də onlar həyata keçirirlər. Transformator onların balansındadır. Azərbaycandakı bütün transformatorlar “Azərişıq”ın balansında deyil, bir hissəsi ayrı-ayrı qurumların, sahibkarların nəzarətindədir. Bütün ölkə boyu balansımızda olan transformatorların hamısı dəyişdirilib, yenilənib, kənarları hasara alınıb. Qapalı tipli transformatorlardır. Əlavə mühafizə çəpəri də var. Yəni ikiqat mühafizə var. Balansımızda olmayan transformatorlara isə müdaxilə edə bilmirik. Amma nəzarət edirik, xəbərdarlıq edirik. Məktəblərdə müəllimlərə, valideynlərə tapşırırıq ki, uşaqları maarifləndirsinlər. Eyni zamanda təhlükə olan ərazilərdə xəbərdarlıqla bağlı işarələrimiz də var”.

Vaqif Mustafayev insanları məsuliyyətli olmağa çağırdı: “Təhlükəsizlik tədbirləri görülür, lakin təəssüflər olsun ki, bir də baxırsan uşağı valideyn nəzarətsiz qoyur və belə hadisələr qeydə alınır. Biz mütəmadi olaraq deyirik, insanlar elektrik xətti çəkəndə də, transformator quraşdıranda da müraciət etməlidirlər. Transformatorların çəpərləməsində qıfıllar olmaqla yanaşı, birbaşa məntəqənin özünün də qapıları xüsusi açarlarla bağlı olur. Ora kənar şəxslərin daxil olması qadağandır”. 

Bir qayda olaraq belə hadisələrlə bağlı səhlənkarlıq maddəsi ilə cinayət işləri başlansa da, bu işlərin nəticəsində kimsə cinayət məsuliyyətinə cəlb olunmur.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”