22 Noyabr 2024

Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Rusif Quliyevin ailəsini ziyarət ediblər

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının əməkdaşları Yenigün kəndində Vətən müharibəsi şəhidi Quliyev Rusif Asim oğlunun ailəsini ziyarət ediblər.

Şəhidimizin bir qız övladı Təranə Quliyeva bizlərə əmanət qalmışdır. Təranənin anası 2019-cu ildə vəfat edib, atası isə 2020-ci ildə Vətən müharibəsi zamanı şəhid olub. Hər iki valideynini itirən 3 yaşlı Təranə 2020-ci ilin dekabr ayından YAP Ağstafa rayon təşkilatı tərəfindən himayəyə götürülüb.

YAP Ağstafa rayon təşkilatının əməkdaşları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəhidimizin övladını təbrik edərək ona ən xoş arzularını çatdırıblar.

Görüşdə şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.