Prezident İlham Əliyev hər zaman xalqın dəstəyinə güvənir
Bu gün qalib Azərbaycanın uğurlarından bəhs edirik. Bu uğurlar düzgün qurulan və gələcəyə hesablanmış siyasətin təqdimatıdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində bu çağırışı etmişdir: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Bu çağırışın yüksək səviyyədə həyata keçirildiyi 15 oktyabr 2003-cü il prezident seçkilərindən ötən 20 ildən artıq dövr biri-birindən mühüm, möhtəşəm uğurlarla zəngindir. Cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildiyi bu tarixdən başlanan Böyük Yolun davamının Azərbaycana qazandırdığı uğurlar göz qabağındadır. Bu illərin Azərbaycanın həyatında hansı yeniliklərə imza atdığını, hansı mühüm hadisələri çoxəsrlik tariximizə yazdığını dünyaya səs salan inkişaf modelimiz təqdim edir. Qazanılan uğurlar, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi, xalqımızın xoşbəxt xalqlar sırasında qərarlaşması 2003-cü ildə etdiyi seçimdə yanılmadığını, cənab İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə inamla irəlilədiyini nümayiş etdirir. Məhz bu illər ərzində güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir müstəqil Azərbaycanın qüdrətinə çevrildi.
2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ümummilli Lider Heydər Əliyevin siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Cənab İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi.
Milli qürur uğurlarımızın əsas şərtlərindən oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Azərbaycan multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi nüfuz qazanıb. Dövlət başçısı İlham Əliyevin Sərəncamları əsasında 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edildi. Azərbaycan yerləşdiyi coğrafi məkana görə daim müxtəlif xalqları, dövlətləri bir araya gətirən körpü rolunu oynayır. Dövlət başçısı İlham Əliyev düşünülmüş və gələcəyə hesablanmış siyasəti ilə Azərbaycanın bu rolunu daha da möhkəmləndirir.
Prezident İlham Əliyev hər zaman xalqının yanındadır. Xalqa arxalanır, xalqdan güc alır. Onun irəli sürdüyü hər bir təşəbbüs xalq tərəfindən dəstəklənir. Məhz bu birlik, həmrəylik, Prezidentinə güvən, inam 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə yol açdı. “Dəmir yumruq” müharibənin rəmzinə çevrildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala 44 gündə son qoyan Azərbaycan Ordusu milli qürurumuzu, kimliyimizi özünə qaytaran Qələbəyə imza atdı. Cənab İlham Əliyev adını tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdırdı. Qürurvericidir ki, Prezident İlham Əliyev son üç ildən artıq dövrdə əlamətdar günləri, tarixi hadisələri, özünün doğum gününü işğaldan azad edilmiş ərazilərimizdə qeyd edir. Doğum günlərində adətən şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşən, 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident İlham Əliyev 60 illiyini azad Qarabağda – Şuşada keçirdi. Cıdır düzündəki çıxışında “Bu gün azad Qarabağda, Şuşada və Hadrutda olarkən mən, – əgər belə demək mümkündürsə, – öz ad günümü qeyd edirəm. Bu gün səhər Hadrutda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışında iştirak edirdim. Mən bilirdim və hesab edirəm Azərbaycan xalqı da bu seçimi dəstəkləyər ki, bu gün mən Prezident, Ali Baş Komandan kimi hərbçilərə, Müzəffər Azərbaycan Silahlı Qüvvələrinə öz təşəkkürümü bildirmək və onların qarşısında yeni vəzifələr qoymaq üçün hərbçilərlə birlikdə olmalı idim” fikirlərinin davamı olaraq Müzəffər Ali Baş Komandan bu əminliyi də ifadə etmişdi ki, bundan sonra da eyni əzmkarlıqla, qətiyyətlə ölkə maraqlarının keşiyində duracaq, xalqın dəstəyi ilə yeni böyük uğurlara imza atacağıq. Ötən il doğum günündə dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Bu görüş növbəti hədəfin təqdimatı oldu. Cənab İlham Əliyev böyük əminliklə Qərbi Azərbaycana qayıdacağımızı bildirdi. Tarixi ədalətə söykənən bu hədəfimiz də dövlətimizin başçısının qətiyyəti sayəsində zamanında reallığa çevriləcək. Hər bir vədini, qarşıya qoyduğu vəzifələri uğurla icra edən Prezidentə milyonların sevgisi şəksizdir.
Etibar Hacıyev
YAP A ğstafa rayon təşkilatının sədri