Azərbaycan xalqının iradəsinə hec nə təsir göstərə bilməz
Azərbaycanda və regionda geosiyasi proseslərdə ciddi dəyişikliklər olub. Azərbaycan dövlətinin inkişaf prioritetləri müəyyən olunub. Buna uyğun bütün sahələrdə, o cümlədən siyasi proseslərdə də inkişafa nail olunub. Bu proseslərin fonunda Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkiləri ciddi siyasi hadisə kimi tarixə düşəcək. Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Bu reallıqlar bizə yeni siyasi hədəflər müəyyənləşdirmək üçün fürsətlər verdi. Keçiriləcək növbədənkənar Prezident seçkiləri məhz yeni hədəflərə doğru atılacaq mühüm siyasi addımlardan biri və ən önəmlisidir.
Bütün dünyada növbədənkənar seçkilərin keçirilməsi praktikası mövcuddur. Yəni, bütün dünya ölkələrində tətbiq edilən siyasi prosesdir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər. Digər tərəfdən, belə bir qərarın verilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz ifadəsidir. Seçki qanunvericiliyinə əsasən ölkəmizdə seçki kampaniyası 60 gün müddətində keçirilir. Həmin müddətdə Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Məlumdur ki, ölkəmizdə müasir dövrün tələblərinə uyğun “Siyasi partiyalar haqında” Qanun qəbul edilib. İstənilən partiya bu seçkilərdə bərabər əsasda iştirak edə bilər. Növbədənkənar seçkilərin keçirilməsinə dair qərar, eyni zamanda, ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.
Bu gün radikal müxalifətin narahatlığı başadüşüləndir. Yaxşı anlayırlar ki, xalq onlara səs verməyəcək. Ona görə də təxribatla məşğul olurlar. Fəaliyyətlərini əsasən sosial şəbəkə üzərində quran radikal qüvvələr başqa heç bir faydalı, maarifləndirici siyasi prosesdə fəallıq göstərmirlər. Onlar donorları qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməklə məşğuldurlar. Yaxşı başa düşürlər ki, 44 günlük Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan xalqı öz seçimini bir daha dəqiqləşdirdi. Ölkənin bütün müxalifət partiyaları birləşsə belə, yeni reallıqları dəyişə, xalqın iradəsinə təsir göstərə bilməyəcək.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri