22 Dekabr 2024

Xalqımız seçkilərə xüsusi önəm verir

Dekabr ayının 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında 2024-cü ilin 7 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkilərinə namizədi irəli sürülüb.

Növbədənkənar prezident seçkilərinin Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı suverenliyimizin bərpası fonunda keçirilməsi böyük tarixi önəm kəsb edir.Prezident İlham Əliyev uğurlu siyasi kursunun nəticəsi olan iqtisadi yüksəliş uzun illər formalaşdırmış ictimai-siyasi, sosial-iqtisadi və ölkənin hərbi qüdrətinin artırılmasına yönəldilib. Məhz Prezident İlham Əliyevin diplomatik məharəti və strateji addımları, şanlı Azərbaycan ordusunun gücü və xalqımızın birliyi sayəsində 44 gün davam edən Vətən müharibəsi böyük qələbə ilə nəticələndi. Artıq ərazi bütövlüyümüz tam bərpa edilib.

Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın və ordusunun ətrafında dəmir yumruq kimi sıx birləşərək gələcək taleyində dönüş nöqtəsi yaratdı. 2020-ci il noyabrın ayının onunda Prezident İlham Əliyev tarixi bəyanatın imzalanmasına nail olmaqla Azərbaycanın siyasi və iqtisadi suverenliyini təmin etdi. İşğaldan azad edilmiş ərazilərdə, bütövlükdə isə xalqımızın taleyində yeni bir şanlı səhifə açıldı. Xalqımız Qarabağ qələbəsindən sonra növbəti zəfərə hazırlaşır. Ölkəmizdə Prezident, Yenilməz Sərkərdə İlham Əliyev 30 illik erməni işğalına son qoyub, Bütöv Azərbaycanı yaratdıqdan sonra ilk dəfə olaraq seçkilər keçiriləcək.

Bəli, 30 ildən sonra ilk dəfə Xankəndidə, Ağdərədə, Xocavənddə, Şuşada, Xocalıda və digər işğaldan azad edilən ərazilərdə növbədənkənar prezident seçkiləri baş tutacaq. Millət buna görə sevincli və qürurludur. Üzlərdəki təbəssüm, məmnunluq əhalinin 7 fevral seçkilərinə bayram əhval- ruhiyyəsi ilə hazırlaşdığını göstərir. Yalnız ənənəvi dağıdıcı müxalifət xalqın sevincindən, şadyanalığından kənarda qalıb. Hər bir siyasi partiyanın hansı gücə və elektorata malik olduğu yalnız seçkidən seçkiyə məlum olur. Seçkilərdə iştirak etməmək isə o anlamı yaradır ki, siyasi partiya aciz durumdadır və sosial bazası mövcud deyil. Onlar yalnız dil qəhrəmanlarından başqa bir şey deyillər. Danışdıqları, yazdıqları, sadəcə, sabun köpüyüdür. Uzun illərdir ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri sosial şəbəkələr vasitəsi ilə pafoslu bəyanatlarla çıxış edir, hədələyici açıqlamalar verirlər. İndi bir daha məlum olur ki, danışdıqları və yazdıqları, sadəcə, sabun köpüyüdür. Əgər özlərinə arxayın olsa idilər, söz yox ki, seçkilərdə iştirak edərdilər. Əmin deyillər və anlayırlar ki, onlar üçün seçki məğlubiyyəti qaçılmazdır. Bu baxımdan, öncədən üzləşəcəkləri real görünən seçki məğlubiyyətindən qaçmaq üçün boykot kimi absurd iddia ilə çıxış edirlər.

Müstəqillik əldə etdiyimizdən bəri ilk dəfə olaraq 7 fevral 2024-cü ildə bütün Azərbaycan ərazisində keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlığın yüksək səviyyədə müxtəlif təşkilatların, qrupların fəallığı ilə aparılması onu deməyə əsas verir ki, xalq seçkilərə xüsusi önəm verir. Həm də o məsələ aydın görünür ki, seçki günü yüksək seçici fəallığı olacaq və bununla da Azərbaycanda növbəti seçki tarixi yazılacaq. Belə bir şəraitdə dağıdıcı müxalifət sağlam rəqabətin əvəzinə təxribatlara üstünlük verir, destruktiv yol tuturlar. Hətta AXCP, Müsavat, Milli Şura kimi dağıdıcı qurumlar və onların liderləri seçkilərin boykot edilməsi barədə xarici qüvvələrin istəklərinə uyğun olaraq qərar qəbul ediblər. Söz yox ki, boykot qərarı siyasi acizliyin və məğlubiyyətin etirafıdır. Sadəcə, bunu boykot qərarı verən AXCP, Müsavat, Milli Şura başbilənləri özlərində cəsarət tapıb dilə gətirmirlər.

#YAP #YeniAzərbaycanPartiyası #İlhamAliyev

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi