Ermənistanda parlament aparatının sabiq rəhbəri həbs edildi
Yerevan Məhkəməsi Milli Təhlükəsizlik Xidmətinin (MTX) Ermənistan parlamenti aparatının keçmiş rəhbəri Ara Saqatelyanın həbsi ilə bağlı vəsatətini təmin edib.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, dövlət əleyhinə mövqeyə malik şəxslər arasında təsirə malik olan ölkə parlamenti aparatının sabiq rəhbəri şəxsi əlaqələrindən istifadə edərək cinayətlər törətmək məqsədilə qruplaşma yaradıb. O, qrupun tərkibinə həmkarı Karen Bekaryanı, sürücü Mqer Avakyanı, Aram Sarkisyanı və şəxsiyyəti hələ müəyyənləşdirilməmiş digər şəxsləri cəlb edib.
Milli Təhlükəsizlik Xidməti bildirib ki, Ara Saqatelyan qrup üzvlərinin səylərini birləşdirərək bir neçə cinayət planlaşdırıb. Dəstə üzvləri izi itirmək üçün feysbuk sosial şəbəkəsində saxta “Gagik Soghomonyan” hesabı yaradıblar.
Qeyd edək ki, Milli Təhlükəsizlik Xidməti daha əvvəl cinayətkar qrupun ifşa edilməsi barədə bildirib. Dəstə üzvləri feysbuk sosial şəbəkəsində fəaliyyət göstərərək dövlətin yüksək vəzifəli vəzifəli şəxslərinə böhtan və təhqiredici xarakterli paylaşımlar edib.