Böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır
Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaradılıb. ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır: “Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi və biz onları ötən görüşlərimizdə ətraflı şəkildə müzakirə etmişik. “Beynəlxalq hüququn normalarında əksini tapan prinsipləri rəhbər tutmaqla Azərbaycan bütün dünya dövlətləri ilə mehribanlıq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu istiqamətdə fəaliyyət göstərir. Hətta qalib tərəf olmasına baxmayaraq, Azərbaycan Vətən müharibəsindən sonra Ermənistanla yekun sülh müqaviləsinin bağlanması, regionda xalqların birgəyaşayış formulunun tapılması istiqamətində təşəbbüslərə liderlik edir.
Xatırladaq ki, üç il əvvəl noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb. Ancaq Ermənistan imzaladığı sənəddəki üzərinə götürdüyü öhdəliklərə əməl etmirdi. Belə ki, 10 noyabr 2020-ci ildəki üçtərəfli bəyanatda Ermənistanın Rusiya sülhməramlılarının yerləşməsinə paralel olaraq Qarabağdan öz qüvvələrini çıxarması tələbi açıq şəkildə göstərilib. Lakin Ermənistan təxminən Azərbaycanın suveren ərazisindəki qanunsuz hərbi birləşmələrə dəstəyini davam etdirib. Hələ bu azmış kimi Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulur, ərazilərimiz minalanır, müxtəlif təxribatlar törədilirdi.
“Dekabrın 6-da Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı əsasında “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda keçirilmiş Forumun əhəmiyyəti, dövlət başçısı İlham Əliyevin tədbirdəki çıxışı hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Artıq tarixi Zəfərimizdən sonra belə forumların və konfransların keçirilməsi ənənə halını alıb. Bu mühüm addım ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən yerini və rolunu, yürütdüyü siyasətin uğurlarını təqdim edir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi