Həyatını xalqına həsr etmiş dahi insan
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş ulu öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndərin əbədiyyətə qovuşmasından 20 il ötsə də, Onun nurlu xatirəsi Azərbaycan xalqının qəlbində silinməz iz buraxmışdır. Bu gün hər bir azərbaycanlı, o cümlədən hər bir gənc fəxr edir ki, məhz o, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır, onun bütün varlığı ilə sevdiyi bir xalqın övladıdır.
İllər bir-birini əvəzlədikcə yeni həyat gerçəklikləri keçilmiş yolun hər bir mərhələsinə parlaq işıq salır. Bu günün uğurları yaxın keçmişə dolğun və obyektiv qiymət vermək imkanı yaradır. Bu gün Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Bu böyük insanın bütün fəaliyyəti, bu fəaliyyətin hər səhifəsi, hər mərhələsi dövr və zəmanəmizi ifadə edən əzəmətli bir abidədir. Onun keçdiyi yol isə zəngin bir həyat ensiklopediyasıdır.
Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir. Həyatı daim xalq və haqq yolunda mübarizədə keçən Heydər Əliyev məhz fitri istedadı, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, güclü iradəsi, idarəçilik mədəniyyəti, böyük həyat və dövlətçilik təcrübəsi ilə bütün çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxarmışdır. Azərbaycan xalqının tarixən formalaşmış ənənələri əsasında milli dövlətçilik modelinin yaranması, möhkəmləndirilməsi və ən başlıcası, qorunub saxlanılması yalnız XX əsrin sonlarına doğru – Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşmişdir. Bu dövrdən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən tarixi şəxsiyyətin xalq təsərrüfatının bütün sahələrində, eləcə də elm və təhsildə apardığı nəhəng islahatlar gələcək uğurlar üçün geniş zəmin və şərait yaratmışdır. Bu gün biz fəxrlə, böyük qürur hissi ilə deyirik ki, memarı Heydər Əliyevin olduğu milli dövlətçilik bizim ən böyük sərvətimizdir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi