Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanmiş qalib ölkədir
2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı ölkəmizin müasir tarixində möhtəşəm və unudulmaz hadisə oldu. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilmiş paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri, yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak edirdilər.
Zəfər Paradımızı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbul etməsi isə beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi türk xalqlarının tarixində əbədi qalacaq qürurverici hadisədir.
Həmçinin Zəfərimizin rəmzi olan Şuşa azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı da parada gətirilmişdi. Vətən müharibəsində möhtəşəm Qələbəmizə həsr olunmuş Zəfər paradında müxtəlif hərbi texnikalarımız, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi ölkəmizin hərbi gücünü bir daha göstərdi. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi də paradda nümayiş etdirildi.
Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.
Hərbi Qənimətlər Parkında təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan verir.
Xalqımız bu müharibə dövründə öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşərək, birgə dəstək bəyanatı imzaladılar.
Təbii ki, bu Zəfərə gedən yolda ölkəmizdə illərlə həyata keçirilən işlər böyük rol oynadı. Uzun illər ərzində ölkəmizin əsas büdcə xərcləri hərbi xərclər oldu. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Azərbaycan bir ölkədən asılı olmamaq üçün lazımi texnikanı bir çox mənbələrdən almışdı.
Bu illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparıldı. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradıldı. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı.
Nəhayət, 2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanmiş qalib ölkədir.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı