23 Dekabr 2024

Cavanşir Quliyev: “İndi musiqilərimizi dinləyib deyirsən ki, bunu yazan azərbaycanlıdırmı…”

“Müğənnilərin yaradıcılıqlarının sıfıra enməsinin səbəbkarlarından biri özləridirsə, digəri efirlər, musiqi redaktorlarıdır”

Bəstəkar Cavanşir Quliyev… Bu adı eşidən kimi öncə gözümüzün önünə məşhur “Əsgər marşı”, “Aman ayrılıq”, “Hər şey gözəldir həyatda”, “Bura vətəndir!”, “Azərbaycan-Türkiyə” mahnıları gəlir. Azərbaycanın Əməkdar incəsənət xadimi Cavanşir Quliyev artıq 15 ildən çoxdur ki, Şimali Kipr Türk Respublikasında yaşayır və orada Yakın Doğu Universitetinin Səhnə Sənətləri fakültəsinin professorudur. Bir neçə ay öncə 70 illik yubileyi tamam olan məşhur bəstəkarın yaradıcılığında hansı yeniliklər var? Toylarsız qalan müğənnilərin yaradıcılıqlarının tamamilə sıfıra enməsi, pandemiyanın, müharibənin Azərbaycan musiqi mədəniyyətinə təsiri, bu və digər məsələlərlə bağlı Cavanşir Quliyev “Yeni Müsavat”a danışıb:

 – 2005-ci ildə Kiprə gəldiyim vaxtdan bu günə qədər  dayanmadan çalışıram. 2006-cı ildə “Oğuznamə”, 2010-cu ildə “Nuhun Tufanı”, 2015-ci ildə Türkiyə mövzusu əsasında “Kızılırmak” baletlərini, 2016-cı ildə Türkiyənin böyük şairlərindən biri olan Necip Fazıla həsr olunan eyni adlı oratoriyasını, 2020-ci ildə isə “Müşfiq Ağıları” oratoriyasını yazdım. Bir neçə gün öncə isə “Anzak Koyu” oratoriyasını bitirdim. Nədir Anzak Koyu? Çanaqqalada dəniz qırağı olan bir yerdir. Birinci Dünya müharibəsində İngiltərə Avstraliya və Yeni Zelandiyadan gəncləri aldadaraq gətirmiş, Türkiyəyə qarşı vuruşdurmuşdu. Gənclər heç bilmirdilər ki, qarşılarındakı rəqib kimdir, kimə qarşı vuruşurlar. Müharibə zamanı onların bir qismi öldü və həmin yerdə dəfn olundu. Müharibədən sonra Atatürk onların analarına məktub yazdı və bildirdi ki, “narahat olmayın, sizin övladlarınız burada dəfn olunub və onlar artıq bizim övladlarımızdır. Lazım olan hörməti, sayğını göstərəcəyik”. Beləliklə, Türkiyə bu günə qədər onlara qarşı öz hörmət və sayğısını göstərir, onların məzarını qoruyur. Çünki bilir ki, həmin gənclərin heç bir günahı yox idi. Bu hadisə ilə bağlı Türkiyənin məşhur ssenaristi və  prodüseri Sabah Durunun bir librettosu əlimə keçdi. Beləliklə, onun librettosu əsasında bu əsəri yazdım və təxminən 15 gün əvvəl bitirdim.

– Qarabağ zəfəri ilə bağlı da mövzuya müraciət edəcəksinizmi?

– Qarabağ müharibəsi başlayandan bu mövzudan heç vaxt çıxmamışam ki. Bu mövzuda müxtəlif səpkidə, xarakterdə sayca çoxlu əsərlərim var. Onların arasında lirik xiffət dolu, gərgin əsərlər də, marşvari əsərlər də var.  Hətta Qarabağ mövzusunda olan tamaşalara musiqilər yazmışam. Yəni bu mövzunu heç vaxt unutmamışam. Görünür, bundan sonra da uzun illər bu mövzuya müraciət edəcəm.

Təbii ki, mən hələ savaşı bitmiş hesab etmirəm. Düşünürəm ki, Xankəndində bayrağımız dalğalananda bəlkə o zaman savaş bitmiş olacaq. İnşallah ki, bu belə də olacaq. Madam ki, qonşularımız belədir, onlar heç zaman öz mənfur istəklərindən əl çəkməyəcək. Ona görə də biz hər zaman hazır olmalıyıq. Savaş, müharibə mövzusu və bu mövzu ilə aşılanan əsərlərin yaradılması daim olmalıdır. Yəni bu mövzu yaradıcı adamların diqqətindən kənarda qalmamalıdır.

Savaş başlayandan bəri internet resurslarından xeyli sayda insan mənə yazıb, məndən yeni əsərlər gözlədiklərini bildirirlər. Təbii ki, mən o insanları anlayıram, biz yazmalıyıq, bu bizim borcumuzdur. Lakin sənətkar aparat deyil ki, düyməsini basan kimi, ortaya nəsə çıxsın. Əlbəttə ki, bunu etmək olar, amma onun keyfiyyəti necə olacaq, bunu dəqiq demək olmur. Ona görə də düşünürəm ki, bu mövzu bir qədər zaman tələb edir. Həm də hələlik məni silkələyən, “tutan” bir mətnlə rastlaşmamışam. İnsanlar düşünür ki, mövzu köhnələr deyə oturub, tələsik yazsınlar. Lakin bu belə bir mövzudur ki, köhnəlmir, ona görə də ona tələsmək lazım deyil.

– 90-cı illərdə yazdığınız “Əsgər marşı” hər iki Qarabağ müharibəsi zamanı dillər əzbəri, şedevr oldu. Yenə də bu cür marş və mahnılar olacaqmı?

– Mən təbii ki, istərdim, lakin yuxarıda qeyd etdiyim ki, bu bir qədər də Allahın işidir. Sən yazmağını yaz, gerisi Allahın işidir (gülümsəyir). Çalışacam ki, olsun. Lakin heç kəs deyə bilməz ki, əsər yazacam və bu mütləq dahi olacaq. Lakin yazacam və müəyyən ideyalar da var.

– Gözləyirdik ki, müharibə ərəfəsində və yaxud zəfərdən sonra bəstəkarlarımız “Əsgər marşı” və digər məşhur mahnılar kimi qəlbləri fəth edəcək, uzun illər yadda qalacaq mahnılar yazacaq. Amma hələ də yoxdur. Sizcə, niyə?

– Bu sualın cavabını heç kim bilmir. “Əsgər marşı”na gəldikdə, bununla bağlı məndən tez-tez soruşular ki, “necə oldu yazdın, necə oldu ki, bu məşhurluq qazandı, onun içərisində nə var ki, 30 ildir sevilir, mexanizmi, sirri nədir?” Hər dəfə də eyni cavab verirəm ki, vallah, heç bir sirr yoxdur. Diqqət etsəniz görərsiniz ki, bu çox sadə marşdır. Onu istəyərək, sevərək, içimdən gələrək yazmışdım… Bir dəfə təsadüfən bir telekanalın işçilərinin dəvəti ilə Qarabağa – Şuşaya, Laçına getdim. Orada yeni yaranan ordumuzu, top-tüfəngimizi, tanklarımızı gördüm, ürəyim qübar etdi ki, deyəsən, yavaş-yavaş ordumuz yaranmağa başlayır. Bu, mənə çox təsir etmişdi. Geri dönəndə, gülləbaranın altında bir zabit  həmin marşın mətnini mənə verdi. Həmin vaxt heç soruşmadım ki, şeirin sözləri kimindir, elə bilirdim ki, özünündür. Beləliklə, mətni qoydum cibimə, gəldim Bakıya. Yaşadığım hisslər məni rahat buraxmadı və nəhayət, cibimdən həmin vərəqi çıxardıb, marş yazdım, özü də çox qısa bir müddətə, cəmi yarım saata. Burada heç bir sirr yoxdur. Sirr odur ki, mən onu yazmağı çox istədim və qarşılığında heç bir maddiyyat, şan-şöhrət gözləmirdim. Düşünürəm ki, yazılan əsərlərin çoxu o qədər də səmimi olaraq yazılmayıb. Əslində bir çoxu “Cavanşir yazdı, mən qaldım” niyyəti ilə yazılıb, “qonşu edibsə, mən də edim” deyə. Səmimiyyət, əminlik olmasa, göyə çıxsan belə əsərin keyfiyyəti olmur. Dünya mədəniyyətinin tarixi bunu göstərir. Ona görə də, görünür, indi də insanlar özlərini yazmağa məcbur hesab edir yazırlar, amma ortaya bir şey çıxmır.

– Son illərdə sanki bəstəkarların özləri də ağır, sanballı əsərlər yazmağa maraqlı deyil. Ya da ki, yazılan əsərlərin təbliğatı güclü deyil, biz görə bilmirik.

– Əlbəttə ki, böyük əsərlər yazılır. Lakin qeyd etdiyiniz kimi, üzə çıxmır. Çünki burada təbliğat idarələrinin yanlışı var. Azərbaycanda böyük musiqi əsərlərini təbliğ edən idarələr çox deyil. Bizdə opera teatrı, filarmoniya və televiziya var, əsasən də AzTV. Çünki orkestr və xor Aztv-dədir, digər kanallarda yoxdur.

Ümumiyyətlə, əsərlərin təbliğatı məsələsi bizim ağrılı yerimizdir. İllər əvvəl hələ Bakıda olarkən də, Kıprısa gələndə də deyirdim ki, bizim telekanallarda, radiolarda, başqa idarələrdə musiqi təbliğatı ilə bağlı işə yoldan ötənləri götürürlər. Bu adamlar, sadəcə, musiqini sevən, dinləyən adamlardır, onlar peşəkar deyillər. Ona görə də onların gördüyü iş, indiki efir gözünüzün qabağındadır. Bundan artığını da onlardan gözləmək mümkün deyil, çünki onların bilik və bacarıqları yoxdur. Niyyətlərinin pis olduğunu demirəm, sadəcə, musiqi bilikləri yoxdur. Musiqi sənəti həm də bilik də tələb edir.

– Kənardan baxanda Azərbaycan musiqisi, onun inkişafı necə görünür?

– Son 15-20 ildə Azərbaycanda yaranan musiqilərdə kənardan gələn musiqilərin təsiri normadan çoxdur. Təbii ki, dünyada gedən inkişafdan yararlanmaq lazımdır. Lakin bunun dozası, həddi var. Azərbaycan musiqisində azərbaycanlılıq azalır. Hərdən dinləyib düşünürsən ki, əcəba, bunu yazan azərbaycanlıdırmı? Bəstəkar məgər “Qaragilə”ni, “Sona bülbüllər”i, bu kimi minlərlə gözəl musiqi parçalarını eşitməyibmi? Haradasa laboratoriyada böyüdüblər bunu, yazdığı musiqi nədir? Bəlkə də yazdığı musiqi öz-özlüyündə pis deyil, lakin Azərbaycana heç bir aidiyyəti yoxdur. Çox təəssüf ki, bu cür əsərlərin sayı normadan artıqdır. Bunu mən inkişaf deyil, reqress, yəni geriyə addım hesab edirəm. Azərbaycanda Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Xan Şüşinski, Müslüm Maqomayev  var idi. Bəs indi kim var? Cavabını siz özünüz müqayisə edib görəcəksiniz.

– Professoru olduğunuz universitetdə Azərbaycanın da klassik əsərlərinə müraciət edilirmi? Tələbələr bizim musiqini necə tanıyırlar?

– Desəm ki, burada bizi bizdən daha çox sevirlər, bəlkə də inanmayacaqsınız. Buradakı, eləcə də Türkiyə universitetlərinin filologiya, ədəbiyyat fakültəsində əruzla bağlı bir dərslik var. Bir dəfə baxıb gördüm ki, ən çox şeir nümunəsi Füzulidəndir. Onların Füzulini bu qədər sevməklərinə heyran oldum.

Mən səhnə sənətləri fakültəsinin dekanıyam. Bildiyiniz kimi,  səhnə sənətlərində, opera, balet də teatr da var. 15 ildir ki, burada musiqi dərslərində tələbələrə “Arşın mal alan” operettasından musiqi parçalarını, ariyaları, mahnıları öyrədirəm. Bəzən maraqlı səhnələrlə qarşılaşıram, məsələn, günorta vaxtı, universitetin kafesinə daxil olanda görürəm ki, sağdan-soldan “Arşın mal alan”dan parçalar oxuyurlar, bəzən zarafatla sözlərini dəyişirlər və sairə.  Yəni çox sevirlər.

Sizə bir şey deyim, Azərbaycanda populyar olmayan mahnılarımız burada populyardır. Bu o deməkdir ki, buradakı dinləyici əsl keyfiyyəti bilir. Məsələn, Cahangir Cahangirovun “Ay qız” mahnısı. Əli Səliminin “Ayrılıq” mahnısı, Ələkbər Tağıyevin “Sən gəlməz oldun” kimi mahnıları sevirlər.

– İllər öncə sizin mahnılarınızı ən çox Aygün Kazımovanın ifasında eşidirdik. İndi daha çox hansı müğənnilərlə işləyirsiniz?

– İndi də Aygün Kazımovayla işləyirəm. Lakin bu, Bakıda yaşadığım müddətdə olduğu kimi intensiv şəkildə deyil. Çünki bəzi detallara görə mütləqdir ki, özüm orada olum. Beləliklə, say baxımdan az olsa da yenə də Aygün Kazımovayla, ara-sıra başqa müğənnilərlə də işləyirəm. Lakin qeyd etdiyim kimi, əvvəlki kim intensiv deyil. Burada əsasən ağırlığı böyük, klassik əsərlərə verdim. Düşünürəm ki, doğru da etmişəm. Əslində gəncliyimdə də özümü mahnılar deyil, böyük əsərlərə hazırlayırdım. Lakin vaxt etibarı ilə bunu tam həyata keçirə bilmirdim.

– Pandemiya bir daha sübut etdi ki, Azərbaycan müğənnilərinin böyük əksəriyyəti, bəlkə də hamısı toylar üçün oxuyub, yaradırlarmış. Toylarsız yaradıcılıq da, yaşayış da sıfıra enir.

– Bizim böyük xanəndələrimizdən biri olan Cabbar Qaryağdı oğlu ömür boyu toylardan çıxmırdı. Eləcə də Xan Şuşinski də toylarda oxuyub. Hətta qadın xanəndələrimiz olub ki, toylara gedib. Bütün xanəndələrimiz, müğənnilərimiz, o cümlədən Gülağa Məmmədovdan  tutmuş Akif İslamzadəyə qədər əksər müğənnilər toylara gedib. Bu, Azərbaycan musiqi mədəniyyətinin xüsusiyyətlərindən biridir. Bu təkcə bizdə belə deyil. Türkiyədə, Avropada da musiqiçilər toylara, qonaqlıqlara gedirlər, ifa edirlər. Yəni adamlar bununla çörək pulu qazanırlar. Adama deyə bilmərik ki, sən niyə çörək pulu qazanırsan. Ona görə də toyu bəhanə edib, müğənniləri tənqid etmək doğru deyil. Müğənniləri yalnız özlərinin yanlışlarına görə tənqid etmək lazımdır.

Musiqisiz toy olarmı? Beləliklə, hesab edirəm ki, toy Azərbaycan mədəniyyətinin ən böyük göstəricilərindən biridir. Musiqişünaslar Azərbaycan toyları haqda dissertasiyalar yazır. Toy olayını, hadisəsini bu səviyyəyə endirmək doğru deyil. Toy gözəl hadisədir, həm insanın həyatında, həm də sənətdə. Azərbaycan toylarında bir çox xalq mahnıları, musiqimizin özəllikləri yaranıb, bunu unutmaq olmaz.

Digər məsələ, müğənnilərin yaradıcılıqlarının sıfıra enməsinin səbəbkarlarından biri özləridirsə, digəri efirlər, musiqi redaktorlarıdır.

– Bugünlərdə siz də vaksin olundunuz. Özünüzü necə hiss edirsiniz, bu prosesi necə keçirdiniz?

– Heç nə hiss etmədim. Hətta zarafat etdim ki, bəlkə mənə su vurdular? Yəni heç bir yan təsirləri olmadı.

– 70 illik yubileyiniz pandemiya dövrünə təsadüf etdi. Bəlkə də bu səbəbdən təmtəraqlı qeyd etmədiniz. Bəs bundan sonra yubiley hazırlığı olacaqmı?

 – Əlbəttə, hər doğum günümü hər il ailəm, dostlarım qeyd edir. Yubiley isə cəmiyyət üçündür. Bunu isə dövlət edir, yəni bu günə qədər biz belə görmüşük. Mənimlə bağlı isə Azərbaycan dövləti heç nə etmədi və düşünürəm ki, bundan sonra etmək fikrində də deyil… Bu, pandemiya məsələsi deyil. Əlbəttə ki, pandemiya var, həyatımızı çətinləşdirir. Lakin dərslər onlayn keçir, prezidentlər də onlayın müşavirələr keçirir, eləcə də onlayn yubileylər olur. Sadəcə, mənimlə iş görməkdə insanlar ehtiyat edir. Niyə ehtiyat etdiyini isə siz daha yaxşı bilirsiniz…

Xalidə GƏRAY,
“Yeni Müsavat”