26 Dekabr 2024

Tərəfdaş ölkələrin sayının artmasına səbəb olmuş beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq

Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi.

Azərbaycan ən yüksək tribunalardan bu reallığı diqqətə çatdırır ki, dünya hüquq problemini yaşayır. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanması fonunda bu reallıq öz təsdiqini tapır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizm yoxdur. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, bəzən BMT qətnamələri 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 27 il gözləməli olduq. «Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır» söyləyən dövlət başçısı İlham Əliyevin elə bir çıxışı, səfəri yoxdur ki, 30 illik işğal dövründə yaşadıqlarımız, ermənilərin törətdikləri vəhşiliklər dünya ictimaiyyətinin diqqətinə çatdırılmasın. Dövlət başçısı İlham Əliyevin daim çağırışlarında bu məqam xüsusi yer tuturdu ki, bir ölkənin problemləri digərini düşündürməli, həlli istiqamətində birgə addımlar atılmalıdır. 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmünaqişə dövrünün reallıqları Türk dünyasının bu sahədə göstərdiyi birliyin, həmrəyliyin nümayişi oldu. Azərbaycan daim bu birliyin möhkəmləndirilməsinə davamlı töhfələri ilə diqqətdə olub. Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır.

Astanada Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü oldu. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatması məmnunluqla vurğulandı. Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını Xankəndi və Xocalı şəhərlərində Azərbaycan Bayrağını ucaltması münasibətilə təbrik etdi. Söhbət zamanı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi qeyd olundu.

Cənab İlham Əliyev bu mühüm məqama da xüsusi diqqət yönəltdi ki, 2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi. 2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini