21 Dekabr 2024

Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi

Tarixi Zəfərimizin üçüncü ildönümünü böyük qürur hissi ilə qeyd edirik. Hər bir tarixi gün keçilən yolun təhlilini bir tələbə çevirir. Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verdi. İşğalçı ölkənin 30 il ərzində möhkəmləndirdiyi təmas xəttini Azərbaycanın müzəffər Ordusu qısa zamanda yararaq Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Hadrut qəsəbəsini, Şuşa şəhərini, 300-dək kənd və qəsəbəni, onlarla strateji yüksəkliyi düşmən tapdağından azad etdi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz təhvil verildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi əməliyyatlar dövründə göstərdiyi qətiyyətlilik, mərdlik, əzmkarlıq, siyasi iradə sayəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdi. 

Məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü. Ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi. Hətta bu döyüşləri xarici hərbi ekspertlər, o cümlədən erməni generalları əfsanə adlandırdılar. Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər həyata keçirən Azərbaycan hərbçiləri Şuşadan Ermənistan hərbi birləşmələrini bir gün ərzində məhv etdilər. Torpaqlarımız işğalçılardan təmizləndi, ərazi bütövlüyümüz, tarixi ədalət bərpa olundu. İşğaldan, əsirlikdən azad edilən digər torpaqlarımız kimi ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Laçın rayonu da 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Laçının erməni vandallarından xilası Böyük Qələbənin davamı olaraq qondarma Dağlıq Qarabağ iddiasına son qoydu. Bununla da mənfur düşmənlərimizin öz doğma yurdundan uzaq saldığı qarabağlıların yurd həsrəti bitdi. Şuşada, Laçında, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Ağdərədə, Xocavəndddə, Xocalıda və nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Xankəndidə üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrinini yazdı. 

Artıq Dağlıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. Müzəffər ordumuzun yaratdığı bu reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olundu, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə gömüldü, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması planlarının üstündən həmişəlik xətt çəkildi. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi