22 Dekabr 2024

44 günlük Vətən müharibəsi şanlı tariximizdir

44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı.

44 günlük Vətən Müharibəsində düşmən qüvvələrini məhf edən Azərbaycan ordusu Oktyabr ayında artıq bir çox yaşayış məntəqələrini düşmən tapdağından xilas etmişdir. Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Mirək, Kavdar kəndləri, Zəngilan rayonunun Dərə, Məşədiismayıllı, Şəfibəyli kəndləri, Böyük Gilətağ kəndləri, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı, Başarat, Qarakişilər, Qaracallı kəndləri, Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri məhs noyabr ayının səkkizinə kimi düşməndən azad edilmişdi.Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.

Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu.

Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. Bildiyimiz kimi 10 noyabr 2020-ci il tarixində  Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.

44 günlük Vətən müharibəsi zamanı xarici medya qurumlarına Prezident İlham Əliyev tərəfindən verilmiş müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır.Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.

Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı sosial paketlər sığorta ödənişi, birdəfəlik ödəmə, müharibə veteranlarına aylıq təqaüd, ev, avtomobil, psixoloji dəstək və reabilitasiya xidməti, özünüməşğulluq proqramına və digər qeyd olunan sosial dəstək paketi 124 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 300 min xidmət göstərilib.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini