Azərbaycan dünyada sabit ölkə olaraq tanınır
Günümüzünreallıqları Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə zamanında və yüksək səviyyədə çatdığını təsdiqləyir. Dövlət başçısı İlham Əliyev oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində bu məqamı bir daha diqqətə çatdırdı ki, müstəqillik tariximiz təkcə enerji deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Çünki siyasi iradəmiz, cəmiyyətdə birlik var. Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər kimi möhtəşəm tərəfdaşlarımız var: “Əminəm ki, biz bütün məqsədlərimizə nail olacağıq və gələcəkdə bu kimi daha çox mərasimlər keçirəcəyik.”
Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələnin gündəmə gətirilməsini şərtləndirir. Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində imzalanan üç investisiya sazişi də bunun bariz nümunəsidir. Belə ki, oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında sənədlərin imzalanması mərasimi oldu. Azərbaycan Hökuməti tərəfindən energetika naziri Pərviz Şahbazov, SOCAR tərəfindən iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycanın Neftçala rayonunun Bankə qəsəbəsində Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni və “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycanın Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni imzaladılar.
Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Azərbaycan dünyada sabit ölkə olaraq tanınır. Ötən əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev ölkəmizi vətəndaş müharibəsindən xilas edərək bütün təhdidlərə rəğmən, Azərbaycanın müstəqilliyini qorudu, milli birliyi möhkəmləndirməklə xalqımızın sərvətinə çevrilən sabitliyə, əmin-amanlığa nail oldu. Böyük strateq bununla yanaşı, respublikada əlverişli, cəlbedici investisiya mühiti yaratdı və xarici sərmayədarların diqqətini Azərbaycana yönəldə bildi.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini