Qubadlı şəhəri yenidən qurulacaqdır
Artıq qalib Azərbaycan öz əzəli Qarabağ torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş günlərini deyil, işğalından azad edilməsi günlərini qeyd edir. 2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb. Qubadlı şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən üç il ötür. Bu günü nəinki qubadlılılar, bütün Azərbaycan xalqı otuz ilə yaxın müddətdə gözlədi.
Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Bununla da Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Bununla əlaqədar, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər.
Prezident İlham Əliyevin 2003-cü ildə keçirilmiş andiçmə mərasimindəki nitqində deyirdi ki, “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.
Bəli, o gün gəlib çatdı. Müdrik sərkərdə və güclü Azərbaycan ordusu torpaqlarımızı azad etdi. Azadlığına qovuşan yurdlarımızdan biri də Qubadlıdır. Füsunkar təbiətli, bol sərvətli Qubadlı. İgid oğulları, mərd qızları ilə öyünən və öyünməyə haqqı olan Qubadlı.
Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi