25 oktyabr – Qubadlı şəhəri günüdür
Qubadlı şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini xəbər verib. Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Ermənistan otuz ilə yaxın işğal altında saxladığı və xarabalığa çevirdiyi Azərbaycan ərazilərində hərbi bazalar yaratmışdı. Onlar Qubadlı şəhərinin girəcəyində də hərbi baza, istehkamlar qurmuşdular. Ərazinin yüksəkliklərində də erməni ordusunun hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün əvvəlcə düşmənin müntəzəm olaraq hərbçilərimizi atəşə tutduqları yüksəkliklər götürülməli idi. Xüsusi peşəkarlıq və fədakarlıq tələb edən Qubadlı döyüşlərində Azərbaycan Ordusu addım-addım qələbəyə yaxınlaşdı. Azərbaycanın igid, vətənpərvər oğulları döyüş meydanında yağı düşmənə layiqli cavab verdilər. Erməni silahlı qüvvələri ağır zərbələr alaraq geri çəkilməli oldular. Strateji yüksəkliklər, ətrafda yerləşən kəndlər ələ keçirildi. Bundan sonra, oktyabrın 25-də Qubadlı şəhəri düşməndən təmizləndi.
Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama əsasən, 25 oktyabr – Qubadlı şəhəri günü kimi təsis edilib.
Qubadlının işğaldan azad edilməsi həm hərbi qələbə idi, həm də ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığıını yüksəldən, döyüş əzmini, qələbə ruhunu artıran amil oldu. Üçtərəfli Bəyanatdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinə başlanıldı. Bu işlər mahiyyəti etibarilə tarixi Zəfərin başqa formada davamı idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il dekabrın 23-də Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qubadlıya builki səfəri də rayonda quruculuq işlərinin dinamikasını artıracaq. May ayının 4-də bu səfər zamanı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirildi. Qubadlı da yenidən qurulur. Qubadlıda da həyat əvvəlki axarına düşəcək, qubadlılar Qubadlını daha dərin məhəbbətlə sevəcəklər.
Dövlət başçısının müvafiq sərəncamı ilə 25 oktyabr Qubadlı şəhəri günü kimi qeyd olunur. Bu gün hamımız üçün gözəl gündür. Hamımız bu gözəl günün gözəlliyini qubadlılar Qubadlıya qayıdandan sonra daha coşqunluqla qeyd edəcəyik.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi