Bu gün Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir
27 sentyabr 2020 – ci il tarixində başlanmış və 10 noyabr 2020 – ci il tarixində bitmiş Vətən müharibəsi adlanan 2 – ci Qarabağ müharibəsinin gedişi zamanı 25 oktyabr – 10 noyabr 2020 – ci il tarixlərində baş vermiş Qubadlı döyüşlərinin nəticəsində 25 oktyabr 2020 – ci il tarixində Qubadlı şəhəri erməni işğalçılarından azad edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023 – cü il tarixli sərəncamına əsasən 25 oktyabr günü Azərbaycanda Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Xalqımız bu tarixləri bayram kimi qeyd edir.
Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlının işğaldan azad olunması nəticəsində Vətən müharibəsinin gedişatında Ordumuz strateji əhəmiyyətli uğur qazandı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.
Qubadlı kənd təsərrüfatı üçün əlverişli olmaqla yanaşı, zəngin faydalı qazıntıları ilə tanınır: “Rayonunun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf daş yataqları mövcuddur. Həmçinin rayonun Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı var.
Sözsüz ki, Qubadlı üçün ən əlamətdar günlərdən biri də 2020-ci il 23 dekabrında Prezident İlham Əliyevin rayonda şanlı bayrağımızı ucaltmasıdır. Təbii ki, ölkə başçısının Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Bu gün Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır”.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı