23 Dekabr 2024

Böyük Qayıdış Proqramı uğurla icra olunur

İkinci Qarabağ müharibəsində kənd, qəsəbə, şəhər və strateji əhəmiyyətli yüksəkliklərin düşmən tapdağından azad edilməsi ilə Azərbaycan böyük tarixi nailiyyətə imza atdı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, ordumuzun qəhrəmanlığı nəticəsində 30 illik işğala son qoyuldu. Bu tarixi zəfərimiz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə həkk olundu. Tarixi Zəfər Azərbaycan Ordusunun əsgər və zabitinin özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olduğunu bir daha təsdiqlədi. Vandal ermənilər 30 illik işğal altında saxladıqları ərazilərimizdə mədəni irsimizi, tarixi həqiqətləri silməyə cəhd etmişlər. Bu illər ərzində həmin yerlərdə haylar tərəfindən heç bir tikinti yaxud quruculuq işləri həyata keçirilməyib. Çünki düşmən çox yaxşı bilirdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır və bu həqiqəti heç nə dəyişə bilməz.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə artıq 3-cü şəhər günləri keçirib. Bir müddət əvvəl Zəngilan və Ağdamda Milli Şəhərsalma Forumu təşkil olunmuşdu. İki gün əvvəl isə eyni tədbir Füzulidə keçirildi. Prezident İlham Əliyev bu tədbirdə bildirdi ki, işğaldan azad olunmuş digər ərazilərdə də məskunlaşdırma siyasəti uğurla həyata keçirilir, bir neçə il ərzində bu torpaqlara 10 minlərlə ailə köçürüləcək. Dövlət başçısı İlham Əliyev Füzulidə yerli sakinlərlə görüşdə görülən və görüləcək işlər barədə ətraflı məlumat verib. Bu, əlbəttə, köhnə Füzuli olmayacaq. Şəhərin yerləşdiyi əski yer tamamilə düzlənib, hamarlanıb və ərazi böyük tikinti meydanına çevrilib. Hazırda şəhərdə rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Beynəlxalq təşkilatlar da bu fikirdədirlər ki, yaşayış üçün ən gözəl şərait yaradılıb. Həm küçələrin genişliyi, binaların daxili quruluşu, binaların bir-birindən aralı olması, hər şey gözlənilib. İndi Füzulidən Şuşaya, Ağdama 1 saatlıq, Hadruta, Xocavəndə 10-15 dəqiqəlik, Laçına, Ağdərəyə, Zəngilan və Qubadlıya 1,5 saatlıq, Kəlbəcərə 2 saatlıq yol olacaq. Bu şəhərin zəhmətkeşlərinin yay-qış istirahəti üçün xarici ölkələrə getməsinə ehtiyac olmayacaq, ölkənin ən yaxşı istirahət məkanları, dilbər guşələri, sanatoriya və kurortları əlçatımı məsafəsindədir.

Füzuli rayonunun əhalisi öz doğma yurdunda məskunlaşandan sonra o bərəkətli torpaqda yetişdirilən kənd təsərrüfatı məhsulları ölkənin ehtiyaclarının mühüm hissəsini ödəyəcək. Hazırda əsas məsələlərdən biridə odur ki, Füzulinin digər kəndlərində də tikinti-quruculuq işlər başlansın, keçmiş vaxtlarda olduğu kimi, trestlər, böyük müəsisələr, təsərrüfat subyektləri yaradılsın, əhalinin məşğulluq imkanları genişləndirilsin. Bundan ötrü hər cür imkanlar var – aeroport və dəmiryol xətti hazırdır, ölkənin dörd bir tərəfinə uzanan şose yollarvar, süni dəryaçalar, bəndlər mövcuddur. Füzuli rayonu hərtərəfli inkişaf üçün hər cür resurslara malikdir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi