22 Dekabr 2024

Böyük Qayıdış Proqramı qəbul olunub və uğurla icra edilir

Vətən müharibəsində qazandığımız şanlı qələbə Azərbaycanın qarşısında postmüharibə dövrünün reallıqlarına uyğun yeni çağırışlar formalaşdırıb. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpasının həyata keçirilməsi və Böyük Qayıdışın təmin edilməsi prioritetdir. Qalib Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir.Bu səbəbdən də dövlətimiz işğaldan azad olunmuş torpaqlarda həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüksəldilməsi və işlə təmini istiqamətində mühüm tədbirlər görür. Həmin bölgələrə qayıdacaq soydaşlarımızın yüksək səviyyəli, rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır.

Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzulinin 51 kəndi və rayon mərkəzi 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlillik qazanıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Füzuli şəhəri 2020-ci il oktyabrın 17-də öz azadlığına qovuşub. Dövlət başçımız İlham Əliyev də müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərə ilk səfərini 2020-ci il 16 noyabr tarixində məhz Füzuliyə edib. İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib və Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun çəkilişinə başlanılıb. Bu yol qalib Azərbaycan üçün böyük rəmzi məna daşıyır. Vətən müharibəsi günlərində igid hərbçilərimiz məhz Zəfər yolunun keçdiyi ərazilərdən Şuşaya yaxınlaşıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.Görüş zamanı Prezidenti İlham Əliyev çıxışına belə başlamışdır Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram. Səmimi keçən görüşün sonunda Prezidenti İlham Əliyev sağollaşan zaman demişdir Təbrik edirəm, cansağlığı arzulayıram, uşaqlara yaxşı baxın, yetişdirin, vətənpərvər olsunlar, Vətənə bağlı olsunlar, bizim qəhrəmanlar kimi olsunlar, şöhrətimizi göylərə qaldırsınlar.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini