Növbəti zəfərin təntənəsi
Oktyabrın 15-də Azərbaycan tarixinə növbəti zəfər səhifəsi yazıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltması böyük qürurumuz və xoşbəxtliyimizdir. Cənab İlham Əliyev qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın ucaldılmasından sonra xalqa müraciətində bu sevinci belə ifadə etdi: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.”
Cənab İlham Əliyev iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayanda bu vədi vermişdir ki, Azərbaycan Bayrağı işğal altında olan bütün ərazilərdə, şəhər və kəndlərdə qaldırılacaq. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru getdik. Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yer tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Qarabağ münaqişəsinin həlli üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, Azərbaycanın iqtisadi imkanları artdı, dünya iqtisadi sisteminə inteqrasiya sürətləndi. 1994-cü il 20 sentyabr tarixində Ümummilli Liderin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın qısa müddətdə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində öz sözünü dedi. İqtisadi tərəqqi bütün sahələrdə davamlı uğurlara yol açdı. Müstəqiliyimizin qarantı olan Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş ruhunun artırılması istiqamətində mühüm addımlar atıldı. Bu gün qürurla qeyd edirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Ordumuz bunu 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı Zəfər tarixi ilə sübut etdi.
Dövlət başçısı çıxışında bu məqamı da xüsusi qeyd etdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, övladıdır. Elə bir gənc nəsil yetişdirildi ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.
Qürurla bəhs etdiyimiz zəfərlərimizdən biri də 2020-ci il 17 oktyabr tarixində Füzuli rayonunun işğaldan azad edilməsidir. Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edilib. Bu baxımdan 17 oktyabr Füzuli Şəhəri Günüdür. Dövlət başçısı İlham Əliyev oktyabrın 16-da Füzuli rayonuna səfəri çərçivəsində Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman kompleksinin, ikinci, üçüncü, yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməlini qoydu. Bir səfər çərçivəsində atılan addımlar ümumilikdə son üç ildə işğaldan azad edilmiş torpalarımızda görülən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaradır.
Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür” söyləyərək onu da əlavə etdi ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Azərbaycanda iki dəfə, Ağdamda və Zəngilanda Milli Şəhərsalma Forumu keçirilərək bütün layihələrimiz təqdim edilmişdir. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər. Çünki doğrudan da burada yaşayış üçün ən gözəl şərait yaradılıb. Bütün şəhərlərimiz Füzuli kimi olacaq. Füzulidə birinci şəhərsalma layihəsi icra edilir.
Füzulilər dogma yurd-yuvalarına qayıdırlar. Cənab İlham Əliyev sözügedən görüşdə bu statistik rəqəmləri də açıqladı ki, 800-dən çox insan artıq Füzulidə yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaq. İcrası 2026-cı ilin sonunda başa çatacaq Böyük Qayıdış Proqramının birinci mərhələsində 22 min insan Füzuli rayonunda yaşayacaq. Bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzura 140 min sakin qovuşacaq.
İşğaldan azad edilmiş ərazilərimizdə görülən genişmiqyaslı bərpa-quruculuq işləri və onların fonunda soydaşlarımızın qayıdışı hər birimizdə böyük qürur hissi yaradır. Dövlət başçısı İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri