23 Dekabr 2024

Azərbaycan hər zaman sülhün tərəfdarı olub

Bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Xüsusi ilə qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır. Bəli, bu bir həqiqətdir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra regionda və bölgədə yeni reallıqlar yaratdı və postmünaqişə dövründə diktə edən dövlət kimi böyük nüfuz və güc sahibidir. Azərbaycan qalib tərəf kimi bu gündə sülhün tərəfdarıdır və bu istiqamətdə müəyyən addımlar atılmışdır.

Cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüş zamanı Prezident İlham Əliyev çıxışında bildirdi ki, “Hamımız 1980-ci illərin sonunda Sovet İttifaqına kimin başçılıq etdiyini xatırlayırıq və təbii ki, başqa nə isə gözləmək mümkün deyildi. Bütün bunlar ona gətirib çıxardı ki, Azərbaycan və erməni xalqları arasında ənənəvi sülh, dostluq və qarşılıqlı anlaşma münasibətləri pozuldu, zərərli milli müstəsnalıq, üstünlük ideologiyası ortaya atıldı və Azərbaycanın Qarabağ torpağına iddiaları əsaslandırmaq üçün cəhdlər edilməyə başlandı. Bu tendensiyalar artıq Sovet İttifaqının süqutundan sonra açıq təcavüz və Azərbaycan torpaqlarının işğalı ilə davam etdi. Nəticədə Azərbaycan ərazisinin təxminən 20 faizi – həm Qarabağ bölgəsi, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, həm də həmin muxtar quruma heç bir aidiyyəti olmayan yeddi rayon işğal edildi. Etnik təmizləmə həyata keçirildi, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovuldu və 2020-ci ilin payızına qədər vəziyyət belə olaraq qaldı. Azərbaycan bütün vasitələrlə məsələni sülh yolu ilə həll etməyə çalışdı. İndi bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik xidmətləri göstərməyə çalışır. Mən bu yaxınlarda demişəm ki, əgər bu siyasət birtərəfli xarakter daşımırsa və qərəzli deyilsə, biz bu cəhdləri qəbul edirik. Amma Fransanın bir tərəfdən bütün diplomatik normaları pozduğunu, təhqirlərlə səciyyələnən bəyanatlarını, çirkin uydurmalarını, təxribat və yalanlarını görürüksə, digər tərəfdən onun vasitəçilik xidmətləri göstərmək cəhdləri heç bir məntiq çərçivəsinə sığmır. Bizə belə vasitəçilər lazım deyil. Bu birincisi. İkincisi, kimsə vasitəçilik etmək istəyirsə, bu, PR-aksiyası xarakteri daşımamalı, əməldə nəticəyə yönəlməlidir.”

Azərbaycan artıq regionda yeni geostrateji və geosiyasi reallıq yaradıb. Bu reallıqlar hüquqa, haqq-ədalətə tam uyğun həyata keçirilib. Biz öz ərazi bütövlüyümüzü haqlı olaraq təmin edib, tarixi ədalətə nail olmuşuq. Bütün bu prseslərin fonunda Ermənistanın üzərinə məsuliyyət düşür. O məsuliyyət ki, Ermənistan öz öhdəliklərini dərhal icra etməli, üçtərəfli bəyanatın tələblərini yerinə yetirməli və sülh müqaviləsini imzalamalıdır. Belə olduğu təqdridə regiona davamlı sülh gələcək. Əks halda isə qərəzli mövqe yalnız bu dövləti qaranlıq gələcəyə doğru aparacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində müstəqil Azərbaycan Respublikası güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib, iqtisadi inkişaf sürətinə görə dünyada liderlik mövqeyinə yüksəlib. Bu səbəbdəndir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, ona alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir.

Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri