23 Dekabr 2024

Azərbaycan beynəlxalq hüququ pozmayıb

Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Ölkələrimizin yerləşdiyi regionlarda xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir. Azərbaycanın artıq daxili təhdidləri yoxdur. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu fakt regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır.

Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb. Azərbaycan ərazisinin təxminən 20 faizi – həm Qarabağ bölgəsi, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, həm də həmin muxtar quruma heç bir aidiyyəti olmayan yeddi rayon işğal edilmişdir. Etnik təmizləmə həyata keçirildi, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovuldu və 2020-ci ilin payızına qədər vəziyyət belə olaraq qaldı. Azərbaycan bütün vasitələrlə münaqişəni sülh yolu ilə həll etməyə çalışdı. Biz ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar prosesində iştirak etdik. Birləşmiş Millətlər Təşkilatı öz nüfuzundan və öz rıçaqlarından istifadə edə bilmədi.

BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədi. Beynəlxalq institutların iş prinsipləri dəyişilməlidir. Münaqişənin nizama salınmaması bir daha göstərir ki, ATƏT-də böyük dəyişiklik olmalıdır. Rəsmi İrəvanın təxribatçı siyasəti müharibəni qaçılmaz etdi. Ermənistanın təxribatları və hərbi cinayətləri 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı. Rusiya Federasiyasının və şəxsən Prezident Vladimir Vladimiroviç Putinin vasitəçiliyi ilə 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə keçmiş Dağlıq Qarabağ regionunun ətrafındakı rayonların hələ də işğal altında olan ərazilərinin də Azərbaycana qaytarılmasını, regiona isə Rusiya sülhməramlı kontingentinin yeridilməsini nəzərdə tutan üçtərəfli Bəyanat imzalandı.

Azərbaycanlılar öz torpaqlarında hətta müharibədən sonra həlak olmağa davam ediblər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak olmuş və ağır şəkildə yaralanmışlar. Təəssüf ki, onların sayı hər həftə artır. Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla bağlı Ermənistana edilən çoxsaylı çağırışlar qəribə reaksiyaya səbəb olub. Ötən ilin oktyabr ayında Ermənistan və Azərbaycan rəhbərlərinin beynəlxalq tərəfdaşlarla görüşündə Bəyanat qəbul edildi. Bu sənədə əsasən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını bəyan etdilər. Biz bunu Ermənistan tərəfindən atılan mühüm addım hesab etdik, Azərbaycana qarşı ərazi iddialarından nəhayət əl çəkəcəyini zənn etdik. Lakin, Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini edirdi.

Təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı. Bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər.

Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər. Azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası dünən və bundan təxminən bir həftə əvvəl artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Fransa 2020-ci ildən başlayaraq bu günə qədər qeyri-konstruktiv və təxribatçı rol oynayır. Azərbaycanın ünvanına səslənən çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi.

Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Fransa Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlər törədib. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. İndi bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik xidmətləri göstərməyə çalışır. Əgər bu siyasət birtərəfli xarakter daşımırsa və qərəzli deyilsə, biz bu cəhdləri qəbul edirik. Bütün oyunlara son qoyulmalıdır və sülh sazişi imzalanmalıdır. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış.

Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır. Sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı