Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib
Azərbaycan və digər üzv ölkələr elə coğrafi mövqedə yerləşir ki, buradaxarici təhdidlər mövcuddur və bu istiqamətdə görülən operativ işlər riskləri minimuma endirməyə imkan verir. Azərbaycan ərazisinin təxminən 20 faizi – həm Qarabağ bölgəsi, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, həm də həmin muxtar quruma heç bir aidiyyəti olmayan yeddi rayon işğal edilmişdir. İşğal edilmiş ərazilərdə etnik təmizləmə həyata keçirilərək bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovulmuş və 2020-ci ilin payızına qədər vəziyyət belə olaraq qalmışdır. Azərbaycan bütün vasitələrlə münaqişəni sülh yolu ilə həll etməyə çalışdı. Ermənistanın təxribatları və hərbi cinayətləri 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı.
Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla bağlı Ermənistana edilən çoxsaylı çağırışlar qəribə reaksiyaya səbəb olub. Ötən ilin oktyabr ayında Ermənistan və Azərbaycan rəhbərlərinin beynəlxalq tərəfdaşlarla görüşündə Bəyanat qəbul edildi. Bu sənədə əsasən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını bəyan etdilər. Dövlətimiz bu bəyannaməni Ermənistan tərəfindən atılan mühüm addım hesab edərək, Azərbaycana qarşı ərazi iddialarından nəhayət əl çəkəcəyini zənn etdi. Lakin, ərazi bütövlüyümüzü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini edərək sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı. Bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu.
Azərbaycan artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc edib, bu plan internetdə də mövcuddur. Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan sülh sazişi üzərində işi davam etdirməyə hazırdır.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi