Azərbaycanlılar öz torpaqlarında hətta müharibədən sonra həlak olmağa davam ediblər
İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak olmuş və ağır şəkildə yaralanmışlar. Təəssüf ki, onların sayı hər həftə artır. Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla bağlı Ermənistana edilən çoxsaylı çağırışlar qəribə reaksiyaya səbəb olub. Ötən ilin oktyabr ayında Ermənistan və Azərbaycan rəhbərlərinin beynəlxalq tərəfdaşlarla görüşündə Bəyanat qəbul edildi. Bu sənədə əsasən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını bəyan etdilər. Biz bunu Ermənistan tərəfindən atılan mühüm addım hesab etdik, Azərbaycana qarşı ərazi iddialarından nəhayət əl çəkəcəyini zənn etdik. Lakin, Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini edirdi.
Təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı. Bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu.
Azərbaycan artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc edib, bu plan internetdə də mövcuddur. Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər. Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər.
Azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası dünən və bundan təxminən bir həftə əvvəl artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub. Erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər və bu məsələdə əsas skripkanı çalan Fransadır. Sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini