22 Dekabr 2024

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir

Cəbrayıl rayonu coğrafi cəhətdən Azərbaycan üçün çox əhəmiyyətli ərazidə yerləşir. Eyni zamanda rayon yeraltı, yerüstü sərvətlərlə zəngindir. Cəbrayıl rayonu sement, mərmər, mişar daşı və bir çox tikinti materialları ilə çox zəngindir. Cəbrayıl rayonunun torpağı olduqca münbit olduğundan əhali üzümçülük, baramaçılıq, heyvandarlıq ilə məşğul olublar. İşğaldan əvvəl Cəbrayıl rayonunun əhalisi 52 min nəfər olub.

Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi. İşğaldan azad edilmiş torpaqlarımıza “Böyük Qayıdış” da Cəbrayıldan başlandı. Cəbrayılın erməni silahlı birləşmələrindən təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlətimizin nəzarəti qismən bərpa edildi.

2020-ci il noyabrın 20-də ” Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın işğaldan azad olunmasına” görə medalı ilə təltif edilmişdir.

Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır və dirçəlmə mərhələsini uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyev Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzaladı. Bu sənəd 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününü tariximizə Zəfər səhifəsi kimi yazan rəşadətli Ordumuzun qəhrəmanlığının, şücaətinin gələcək nəsillərə çatdırılmasında, torpaqlarımızın işğaldan azad edildiyi tarixlərin hər zaman yaddaşımızda qalmasında əhəmiyyətli rol oynayacaq. Artıq üç ildir ki, torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixi qeyd edirik.  Xalqımız hər zaman bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdardır.

Artıq Cəbrayıl rayonunda böyük quruculuq işləri davam etdirilir. Müasir standartlara cavab verən 4-5 zolaqdan ibarət yollar çəkilir. Böyük infrastruktur layihələr həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”-nın yaradılması Cəbrayıl rayonu ilə yanaşı regionun inkişafı üçün çox önəmli hadisədir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İşğaldan azad edilmiş əraziləri üzrə şəhər günü təsis edilib. Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd edilib. Müharibə başa çatdıqdan sonra Prezident İlham Əliyev 7 dəfə Cəbrayıl rayonuna səfər edib. Ölkə başçımız bu səfərlər zamanı çoxlu sayda sosial obyektlərin, yeni müəssisələrin, yaşayış binalarının təməlqoyma mərasimlərində iştirak edib. Artıq cəbrayıllılar daha gözəl, müasir Cəbrayıla, öz ata yurdlarına dönürlər.

Aytən Məmmədli

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi