Ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi edir
Oktyabrın 2-də Bakı Konqres Mərkəzində Azərbaycanın Kosmik Agentliyinin (“Azərkomos”) və Beynəlxalq Astronavtika Federasiyasının tətəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi işinə başlayıb.
Konrqesin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakıda keçirilən Konqres Azərbaycanda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcək.
“Biz bu sahəni Azərbaycanda inkişaf etdirməyə davam ediririk Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmos klubunun üzvüdür. Bu gün bizim iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peykimiz var”, o qeyd edib.
Oktyabrın 6-dək davam edəcək konqresin işində kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə qatılıb.
Beynəlxalq Astronavtika Konqresində 150 şirkət sərgi pavilyonunda təmsil olunur. Sərgidə iştirak edən agentlik və şirkətlər arasında ABŞ-ın “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.
Konqresin rəsmi açılış mərasimindən sonra tədbir çərçivəsində nazirlərin və parlament üzvlərinin beynəlxalq görüşü, BMT və IAF-in birgə seminarı, Beynəlxalq Astronavtika Akademiyasının tədbirləri, Kosmik Nəsil Məşvərət Şurasının Konqresi, Kosmos Hüququ üzrə Beynəlxalq İnstitutun tədbirləri, Beynəlxalq Kosmik Təhsil Şurasının seminarı, həmçinin texniki sessiyalar təşkil olunacaq.
Bakı Konqresinə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub.
Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür.
Emilya Rəhimova
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı