Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik
74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib.
Üç il əvvəl biz təxminən 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi. 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın sayı idi. Həmin vaxt, biz çox yoxsul idik. Biz öz təbii sərvətlərimizin istismarına hələ başlamamışdıq. Açıq dənizə çıxışı olmayan ölkəmizdə hərc-mərclik hökm sürürdü və gələcək üçün perspektivlər o qədər də aydın görünmürdü.
Lakin xalqımız güclü siyasi iradəsini nümayiş etdirdi. Biz uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışdıq. Uzun müddət ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq, lakin əfsuslar ki, biz anladıq: bunu sülh yolu ilə etmək mümkünsüzdür. Biz özünümüdafiə hüququmuzdan istifadə etdik. Biz BMT nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik.
74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezidenti İlham Əliyev bildirmişdir ki, ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ləyaqətimizi qoruduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir
Əfsuslar olsun ki, işğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Biz həmin qətnamələri insanlarımızın həyatını qurban verərək özümüz icra etdik. ATƏT kimi beynəlxalq təşkilatların da danışıqlarda vasitəçilik etmək mandatı var idi, lakin nəticə sıfır oldu və Azərbaycan cəmiyyətində tam məyusluq və narazılıq yaratdı.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini