23 Dekabr 2024

Fransa Ermənistanı yeni müharibəyə təhrik edir – ŞOK DETALLAR

Azərbaycan öz ərazisində antiterror tədbiri keçirməklə erməni quldurlarına dərsini verdi. Bu, bizə dost olan dövlətləri sevindirdiyi kimi, bizi özlərindən bilməyən, hər zaman məkrli siyasət yürüdən dövlətləri də qıcıqlandırdı. Onlardan biri də Fransadır. Antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bütün ərazilərdə bərpa etməsindən sonra regionda 30 ildən çox davam edən münaqişənin bitməsi Fransanı möhkəm qıcıqlandırıb.

Fransanın müdafiə naziri Sebastyan Lekornu “Franceinfo” radiosuna müsahibəsində deyib ki, Fransa Ermənistanın müdafiə ehtiyaclarını öyrənir.

sebastyan-lekornu.jpg (21 KB)

“Prezident (Makron) baş verənləri şəxsən izləyir, çünki bu məsələ Fransa üçün son dərəcə vacibdir. O bildirib ki, bizim mütləq məqsədimiz Ermənistanın bütövlüyü, suverenliyi və əhalisinin qorunmasıdır”, – Lekornu deyib.

Nazir Fransanın Ermənistanda bugünədək mövcud olmayan müdafiə missiyası açdığını vurğulayıb:

“Biz orada bugünədək mövcud olmayan bir müdafiə missiyası açmışıq. Bu bizə Ermənistan ordusu, hakimiyyət orqanları ilə onların müdafiə və təhlükəsizlik ehtiyaclarını öyrənmək üçün hər gün əlaqə saxlamağa imkan verəcək. Hər halda biz Ermənistandan gələn müraciətləri nəzərdən keçiririk ki, onlar özlərini müdafiə edə bilsinlər”.

44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad olunmasından sonra Fransanın regionda birmənalı ermənipərəst siyasət yürütməsi kimsəyə sirr deyil. Heç fransızlar da bunu gizlətmirlər.

Fransanın Ermənistana hərbi dəstək məsələsində yalnız indiki yox, əvvəlki prezident Fransua Oland da aktivləşib.

_91989516_gettyimages-614583254.jpg (24 KB)

Onun da açıqlamasına diqqət edək: “Ermənistandan imtina Fransa üçün böyük biabırçılıq olardı. Artıq Ermənistan sərhədlərinin bizim üçün müqəddəs olduğunu bəyan etməyin vaxtı çatıb”.

Belə görünür ki, hər zaman zorakılıq, soyqırım, müstəmləkə siyasəti yürüdən Fransa Cənubi Qafqazda müharibənin bitməsini istəmir. Bu bəyanatlar göstərir ki, Paris Ermənistanı yeni müharibəyə təhrik edir və hazırlayır.

Fransanın müstəmləkəçi siyasəti tarixən sülh və əminamanlığın təmin olunmasında yox, müharibə və münaqişələr üzərində qurulub. Bu gün Afrikada Fransanın təhriki və birbaşa iştirakı ilə davam edən münaqişələr, hərbi çevrilişlər davam edir ki, bu barədə də dəfələrlə yazmışıq. Makron hakimiyyətinin apardığı siyasətin daxildə etirazlara səbəb olması da göz önündədir. Öz daxilindəki problemlər qarşısında aciz olan Fransa Ermənistana böyük bacılıq etmək istəyir. Heç şübhəsiz ki, bunun da bir nəticəsi olmayacaq. Azərbaycan Ermənistandan fərqli olaraq hansısa dövlətin ərazisinə göz dikməyib. Biz öz ərazimizdə beynəlxalq hüququn normalarına uyğun formada addımlar atır, terrorçuları vətənimizdən təmizləyirik. Bu addımı istənilən hüquqi dövlət atardı ki, biz də atmışıq. Fransa isə təəssüf ki, sülhdən yana bir çox təşkilata üzv olsa da, heç zaman əməllərində sülhün dəstəkçisi kimi görünməyib.

Parisdə səslənən “Ermənistanın sərhədləri bizim üçün müqəddəsdir” fikri Fransanın siyasətindəki xristian təəssübkeşliyinin daha bir göstəricisidir. Bu, bir növ müasir səlibçilikdir.

pD3bsKPrjsqNiFDGRL5oq6.jpg (487 KB)

Ermənistana gəlincə isə bu “dövlət”in də durumu bizə məlumdur. Ermənistan müstəqillik qazandığı gündən bəri heç zaman müstəqil siyasət yürütməyib. Həmişə müxtəlif dövlətlərin maşası olub.

Hər zaman xarici himayəçilər üçün “forpost” olmağa üstünlük verib. Bu gün Fransanın Ermənistanda yeni hərbi missiya yaratması Parisin açıq şəkildə Ermənistanı yeni müharibəyə hazırlamaq istəyindən xəbər verir.

Ancaq Ermənistan uğradığı hərbi və siyasi məğlubiyyətdən nəticə çıxarmalıdır. Yeni himayəçi tapmaq və bu dəfə Fransanın “forpostu” olmaq istəyi Ermənistana baha başa gələ bilər. Bu kimi axtarışların yerinə Azərbaycanın şərtlərini vaxtında qəbul edərsə, dövlət kimi də inkişaf edər. Ermənistanın rəhbərliyi xalqını düşünmür. Onlar özləri-özlərini məhv edirlər. Gedişat göstərir ki, Ermənistan özünə Livanın taleyini yaşadacaq.

Qafar Səfərli