Qalib Azərbaycanın vətəndaşı olmaq böyük qürurdur
Zəfərə aparan 44 günlük yol xalqımızın torpaq həsrətinə son qoydu, düşmən tapdağı altında olan, erməni vəhşiliklərinin, vandallığının şahidi olan, tarixi sahibinə qovuşacağına inamını itirməyən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Ermənilərin 30 il yaratdıqları miflər 44 gündə tamamilə dağıdıldı. Sübut olundu ki, ermənilərin və ermənipərəst dairələrin Azərbaycan Ordusu barədə “zəif” görüntü yaratmaq cəhdləri əsassızdır, maraqlarına xidmət edən dezinformasiyadır. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında qərarlaşıb. Möhtəşəm Qələbədən sonra bu gün işğaldan azad edilmiş ərazilərimiz həyatının ən xoşbəxt günlərini yaşayır. Torpaqlarımız azaddır, dirçəldilməsi istiqamətində sistemli tədbirlər görülür. Zəfərimizin yaratdığı yeni reallıqlar ölkəmizin qarşısında geniş imkanlar açır. Azərbaycan sabaha yeni hədəflərlə addımlayır. Qalib Azərbaycanın vətəndaşı olmaq böyük qürurdur. Şuşada bir araya gələrək Zəfər Qurultayını keçirən dünya azərbaycanlıları bu gün Qələbəmizin sevincini yaşamaqla postmünaqişə dövrünün onların qarşısına qoyduğu vəzifələri yerinə yetirmək üçün səylər göstərirlər. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dünyaya uğurları ilə səs salan, inkişaf modeli nümunə göstərilən qalib Azərbaycan hər birimizin qürur mənbəyidir.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Anım Günü iftixar hisslərin səbəbidir və qələbə salnaməsinin ilk günüdür. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün çəkən “Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.
Şükürlər olsun ki, Azərbaycan Ordusu şəhidlərin qanını aldı. Biz şəhidlərin qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.
Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Dövlətimiz torpaqlarımızın azadlığı uğrunda canından-qanından keçmiş şəhidlərimizin ailələri və qazilərimizi də davamlı olaraq nəzarətdə saxlayır, onlara yüksək səviyyədə diqqət-qayğı göstərir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlərin həyata keçirilməsi deyilənlərə əyani sübutdur. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid və qazi ailələrinə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olmuşdur. Bu işdə Prezident İlham Əliyev hər kəs üçün böyük örnəkdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir çıxışlarında qeyd edir ki, mən hər zaman şəhid ailələri və qazilərin yanında olacağam. Hər bir vətəndaş bunu ölkə başçısının həyata keçirdiyi siyasətdən praktik olaraq görür və yüksək qiymətləndirir. Bir sözlə, qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi dövlətin mütləq prioritetidir. Bundan əlavə, Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Prezident İlham Əliyev tərəfindən bir neçə orden və 15 medalın təsis edilməsi Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür.
Aytən Məmmədli
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi