Ermənistanın davamlı təxribatları Azərbaycan tərəfini lokal antiterror tədbirlərinə başlamasını şərtləndirdi
Rəşadətli Ordumuz dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə növbəti dəfə missiyasını şərəflə yerinə yetirdi və zəfərə imza atdı. Qeyd edək ki, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu. Ermənistanın davamlı təxribatları Azərbaycan tərəfini lokal antiterror tədbirlərinə başlamasını şərtləndirdi. Belə ki, sentyabrın 19-da baş verən terror aktı Azərbaycanın dərhal lazımi addımlar atmasına səbəb oldu. Bir gün ərzində davam edən lokal antiterror tədbirləri Azərbaycanın irəli sürdüyü şərtlərin qarşı tərəfdən qəbul edilməsi əsasında dayandırıldı. 44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi, 19 sentyabrda başlanan lokal antiterror tədbirləri zamanı da Azərbaycan tərəfi hansı şərtlər daxilində prosesi dayandıra biləcəyini açıqladı. Şərtlərin bir gündə qəbul olunması Azərbaycanın haqlı mövqeyinin təqdimatıdır.
Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciəti zamanı antiterror tədbirlərinin səbəb və məqsədləri barədə geniş məlumat verdi. Dövlətimizin başçısı deyib: “Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir”. Bundan sonra bizim şərtlərimiz qəbul edilib və bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə də məcbur oldular. Cənab Prezidentin dediyi kimi, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir.
Dövlət başçısı İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bildirdi ki, Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Yəni, bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir.
Bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri