23 Dekabr 2024

Xankəndi separatçıları Bərdəyə gəlməkdən qorxurlar – kukla rejimdən etiraf

Araikin adamı yüklərin Ağdam yolu ilə daşınmasına razılıq vermələrini təkzib edir və Xaçatryanın həbsindən sonra görüşü risk hesab edir; partiya sədri: “Ordumuz xunta rejimini sıradan çıxarmalıdır…”

Qarabağda rus sülhməramlılarının nəzarətində olan bölgədə hələ də qalan separatçı rejimin sözçüləri özlərinin lideri Araik Arutyunyanın oyuncaq “təhlükəsizlik şurası”nın toplantısında Ağdam yolu ilə yüklərin daşınmasına razılıq verdiyi barədə məlumatı təkzib edib. 

“Yeni Müsavat” xatırladır ki, bu haqda  Araikin mətbuat katibi Lusine Avanesyan danışıb. Onun sözlərinə görə, ümumiyyətlə, “təhlükəsizlik şurası”nın iclası baş tutmayıb və Arutyunyan müxtəlif dairələrlə qapalı danışıqlar aparıb. “Heç bir qərar verilməyib, lakin müzakirələr davam edir və Arutyunyan yaxın vaxtlarda yaranmış vəziyyət barədə məlumat yayacaq”, – deyə Avanesyan bildirib. “Xüsusi vurğulamaq istərdim ki, ”artsax” tərəfi həmişə Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar yolu ilə hərtərəfli həllinin tərəfdarı olub. Eyni zamanda, belə danışıqlar tərəflərin razılaşdırdığı beynəlxalq format çərçivəsində aparılmalıdır ki, bu da onların beynəlxalq hüququn norma və tələblərinə uyğun aparılmasına zəmanət verəcək. Dəfələrlə vasitəçilər vasitəsilə görüş təklifləri verib, lakin Azərbaycan tərəfi onları rədd edib. Əlavə edirik ki, BQXK-nın mandatı altında olan Vaqif Xaçatryanın bu yaxınlarda Rusiya sülhməramlılarının iştirakı ilə oğurlanmasını nəzərə alsaq, Azərbaycan ərazisində, xüsusən də beynəlxalq vasitəçilərin iştirakı olmadan keçirilən istənilən görüş kifayət qədər böyük risklər ehtiva edir”. 

Göründüyü kimi, Bərdəyə gəlməkdən qorxurlar və Xaçaturyanın aqibətini yaşamaqdan çəkinirlər. Hazırda Xankəndidə Arutyunyana qarşı böyük təzyiq müşahidə edilir. Nikol Paşinyanın adamı kimi tanınan indiki “dövlət naziri” Qurgen Nersisyanın bu məsələdə səssizliyini pozmaması, habelə Karen Matevosyanın “hakimiyyəti” Arutyunyandan alıb Samvel Babayana təhvil vermək çabaları Paşinyanın siyasətidir və erməni baş nazir bölgədə xaosun olmasında maraqlıdır. “Qarabağ klanı”nın stajlı üzvü və 10 il qondarma  “baş nazir”olmuş Arutyunyanın indiki perspektivdə devrilməsi inandırıcı görünmür. Onun qan tökmək bahasına olsa belə “hakimiyyətini” qoruya biləcəyi ehtimal olunur. Göründüyü kimi, ermənilər ən müxtəlif dezinformasiyadan istifadə edərək birbaşa danışıqlardan  yayınırlar. Separatçılar danışıqlara vasitəçi cəlb etmək üçün indi də həbs təhlükəsi ilə bağlı bəhanə ortaya atırlar. 

“Ermənistan hakimiyyəti Qarabağdakı marionetləri ilə cinayət əlaqəsi quraraq, Qarabağı məhvə aparır. Laçın dəhlizinin qismən açılmasında məqsəd Qarabağda əhali sayını azaltmaqdır”. Bu sözləri Xankəndidə qanunsuz fəaliyyət göstərən “Ardarutyun” “partiyası”nın rəsmisi Armen Petrosyan deyib. O qeyd edib ki, ermənilərin nə deməsindən asılı olmayaraq, Azərbaycan Qarabağda 120 min erməninin yaşadığına inanmır və bunu qəbul etmir. Onun sözlərinə görə, rəsmi Bakı Qarabağda ən yaxşı halda 25 – 30 min erməninin mövcud olduğunu deyir və bunu təsdiqləyə biləcəyini də açıqlayır. Petrosyan vurğulayıb ki, Laçın yolunun qismən açılması Qarabağ ermənilərini iki seçim qarşısında qoyacaq: “Onlar ya evlərini əliboş tərk etməlidir. Ya da qalıb Azərbaycanın tərkibində yaşamalıdırlar. Birinci seçim asan olmayacaq. Çünki Azərbaycan sərhəddən keçən Birinci Qarabağ müharibəsində iştirak edənləri saxlayacaq”. Separatçıların nümayəndəsi daha sonra Ağdam-Xankəndi yolunun açılması məsələsinə də toxunub. O iddia edib ki, bu yolun açılması təhlükəlidir. “Əgər Ağdam yolu işə düşərsə, Azərbaycan Qarabağı daha tez nəzarətinə alacaq. Çünki iqtisadi inteqrasiya müharibədən daha təhlükəli hadisədir”.

Arzuxan Əlizadə: Milli birlik ölkəmizin inkişafına təkan verən mühüm amildir

 Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, ermənilər bundan əlavə şərtlər də irəli sürürlər. “Onlar tələb edirlər ki, ”Laçın” yolunda heç bir məhdudiyyət olmamalıdır, istədikləri kimi istifadə etməlidirlər. Bilirlər ki, Azərbaycan bunu qəbul etməyəcək, sadəcə, prosesin birmənalı şəkildə uzanmasına xidmət edən belə fikirlər səsləndirirlər. Şnki bölgədə vəziyyətin gərginləşməsində maraqlı olan Rusiya və bəzi Qərb dövlətləri var. Separatçılar da həmin qüvvələrin mövqeyini ifadə edirlər. Separatçıların irəli sürdüyü təkliflər, beynəlxalq mexanizm istəyi, Xaçatryanın həbsindən sonrakı risk və digər məsələlər bəhanədir, vəziyyəti qəlizləşdirmək cəhdləridir. Bu gedişat belə deməyə əsas verir ki, biz sərt addımlar atmalı olacağıq. Nə qədər ki Qarabağın dağlıq hissəsində terrorçu dəstələr var, Araik, Ruben kimi klan rəhbərləri var, erməni əhalisini əsarətdə saxlayırlar, nə qədər ki hərəsinin ağzından bir söz eşidilir, o cümlədən vaxtaşırı öz döyüş mövqelərindən bizə atəş açırlar, regionda tam sabitlik mümkün olmayacaq. O səbəbdən də Ordumuz güc tətbiq edərək xunta rejimini sıradan çıxarmalıdır, onların sonra davranışları başqa seçim qoymur. Eyni zamanda, dialoqda vasitəçi şərti qəbuledilməzdir. Azərbaycan bəyan edib ki, erməni əhalisi ilə müzakirələr daxili işimizdir, üçüncü qüvvə iştirak edə bilməz. Qarabağ separatçıları isə bu variantla məsələni beynəlxalq mövzuya çevirmək niyyətindədirlər. Lakin Azərbaycan onların arzusunu ürəyində qoyacaq. Heç bir halda 25-30 min erməninin reinteqrasiyası Avropa Birliyinin, yaxud Rusiyanın vasitəçiliyi ilə beynəlxalq problem kimi müzakirəyə çıxarıla bilməz”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Təhlilçi Asif Nərimanlının dediyinə görə, separatçılar Ağdam marşrutunu nə qəbul edir, nə də erməni əhalisinin bu haqda düşünməsinə imkan verir: “Əvəzində hərbi mövqelərini gücləndirir, əhalini də döyüşə hazırlaşdırırlar. Misal üçün Ruben Vardanyan erməni gənclərə ”ekstremal şəraitdə sağ qalmaq” təlimi adı altında hazırlığa başlayıb, Karen Matevosyan “milis dəstəsi” adı altında terror qruplaşması formalaşdırır… Bu prosesə yeni yaratdıqları atəş mövqelərini sıradan çıxarmaqla başlamaq olar”. Onun sözlərinə görə, Qarabağdakı separatçılar 2 sentyabr tarixində qondarma “artsaxın müstəqillik günü”nə hazırlaşır: “Analoji hazırlıq Ermənistanda da aparılır. ”Blokadada mübarizə aparan xalq” görüntüsü yaradacaq və “azadlıq uğrunda mübarizəni” nümayiş etdirəcəklər. Bu, nəticə olaraq heç nəyi dəyişdirmir. Hərçənd, Azərbaycan ərazisində hələ də davam edən “dövlətcik” oyunlarına qarşı elə sentyabrın 2-də praktiki addımın atılması da separatizmin ləğvinin başlanması baxımından əhəmiyyətli olardı”. 

Razi Nurullayev daha bir müavin təyin edəcək

 Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə, Xankəndidə oturan separatçı rejimin başçısı təşviş içindədir: “Qeyd edim ki, separatçıların nümayəndəsi Samvel Babayan ötən günlərdə BBC radiosuna müsahibəsində Əsgəranda lojistik mərkəzin qurulması və malların Ağdamdan gətirilərək burada toplanması və sonra paylanmasını təklif etmişdi. Ola bilər, belə bir təklif reallaşsın.  Qarabağdan ermənilərin kütləvi surətdə köçkünə şərait yaradılması davam etdirilməlidir. Bundan sonra, Xankəndidə  reallıqları qəbul etməyə məcbur olacaqlar. Demək olar ki, Rusiyanın Ruben Vardanyan və Paşinyanın ”status” planları fiaskoya uğrayıb. Getdikcə köç intensiv xarakter aldıqdan sonra kəndlər boşalacaq. Əgər Bərdə də görüş baş tutarsa, ilkin mərhələdə Xankəndi – Ağdam yolu ilə yüklərin daşınması razılıq əldə edilə bilər. Növbəti danışıqlar baş tutarsa, silahlı erməni qüvvələrinin çıxarılması tələb edilməlidir. Əgər ermənilərin Qarabağdan kütləvi köçü davam edərsə, Ermənistan da məcbur qalıb Azərbaycanla sülh müqaviləsinin bağlanmasına gedəcək”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”