18 Oktyabr 2024

Ermənistandakı ermənilərə mesaj

Cari ilin iyul ayının 22-də Ölkə Prezidenti cənab İlham Əliyev Şuşa şəhərində “Euronews” televiziyasına müsahibə vermişdir. Müsahibənin gedişində müxbirin səsləndirdiyi suallarda da bu məqam açıq-aşkar öz təsdiqini tapır. Azad edilmiş ərazilərə çoxsaylı səfərlər edən beynəxalq təşkilatların nümayəndələri də, dünyanın aparıcı media qurumlarının təmsilçiləri də erməni faşizminin törətdikləri dağıntıları öz gözləri ilə gördükdən sonra bu dəhşətli həqiqətlər danılmazdır. Bununla belə, möhtərəm Dövlət başçımızın dediyi kimi, Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olmasına rəğmən, yenə də sülh prosesinin əsas təşəbbüskarı və müəllifi kimi çıxış edir.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının bölgədəki ermənilərə qanunsuz silah-sursat və hərbi texnika daşıdığına və ya bunu müşahidə etdiyinə dair çoxsaylı sübutlar var. Beynəlxalq Qırmızı Xaç Komitəsinə yaradılan şəraitdən sui-istifadə edərək belə çirkin əməllərlə məşğul olması, beynəlxalq təşkilat təmsilçilərinin sülhməramlılarla birgə işbirliyi ehtimalını da gücləndirir.

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti qeyri-legitimdir, nə beynəlxalq, nə də Azərbaycan qanunları ilə tənzimlənir. Nəyə görə Azərbaycanın suveren ərazisində hansısa beynəlxalq təşkilatın ofisi fəaliyyət göstərməlidir? Qarabağa gəlib-gedənlər komitənin İrəvan ofisinin təmsilçiləridir. Təşkilat isə Azərbaycan ərazisində “humanitar əməllər” həyata keçirir. Halbuki, komitənin Bakıda da ofisi var və o, mandatına uyğun olaraq fəaliyyət göstərə bilər.

Qarabağda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi üzvlərinin Azərbaycana mənfi münasibətləri də istisna deyil. Əks halda, onlar qaçaqmalçılığa və bu kimi qanunsuzluğa yol verməzdilər. Onlar bu davranış və pozuntu ilə Azərbaycanın qanunlarına hörmətsizlik ediblər. Əvvəllər humanitar təşkilatların patronluğu altında anti-Azərbaycan fəaliyyəti göstərən belə təşkilatlar bağlanıb, əməkdaşları isə ölkədən qovulub.

Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyəti ilə bağlı sözügedən quruma dəfələrlə xəbərdarlıq olunub. Aşkarlanmış qanun pozuntusu faktları təşkilatın diqqətinə çatdırılıb, amma heç bir tədbir görülməyib. Bununla belə, Azərbaycan öz ərazisində belə qanunsuzluğa dözmək niyyətində deyil və vəziyyətə uyğun olaraq lazımi addımlar atılmalıdır.

Erməni icması beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik. Bununla da dövlətimizin başçısı dinc yolla sülhə nail olmaq üçün imkanların tükənmədiyinə ümidini ifadə etmişdir. Preziden İlham Əliyev bir daha Qarabağda yaşayan ermənilərə xitabən onların da digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim hüququnq malik olduqlarını xatırlatmışdır. “Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar”.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini