Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının yaradılmasının 30 illiyi qeyd olunub
YAP dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının yaradılmasının 30 illiyi qeyd olunub
İyulun 21-də Ağstafa Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Ağstafa rayon təşkilatının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan danışıb. O, rayon təşkilatının 30 il ərzində keçdiyi yola nəzər salıb. Qeyd olunub ki, YAP Ağstafa rayon təşkilatı ilk yaradılan rayon təşkilatlarından biri olmuşdur. Sıralarında 7 mindən artıq üzvü birləşdirən rayon təşkilatı 1993-cü ilin 24 iyul tarixində təsis edilib. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşıda daha böyük uğurları hədəfləyib.
Partiya fəalları – Ağstafa şəhər 1 №-li tam orta məktəbin tarix müəllimi İndira Vəliyeva, “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov, Vətən müharibəsi qazisi Kamil Hüseynov, Veteran partiyaçı, 1993-cü ildən YAP Ağstafa rayon təşkilatında Təftiş Komissiyasının üzvü Dilşad Tağıyeva, Veteran partiyaçılar Əli Əliyev və Cümşüd Musayev Yeni Azərbaycan Partiyasının yaradılmasından, o dövrdə ölkədəki ictimai-siyasi durumdan, Ümummilli Liderin Yeni Azərbaycan Partiyasını ümumxalq partiyasına çevirməsindən danışıblar.
Tədbirin sonunda YAP Ağstafa rayon təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar və YAP sıralarına yeni qoşulmuş şəxslərə isə partiya üzvlük biletləri təqdim olunub.