18 Oktyabr 2024

İnkişaf və tərəqqiyə aparan uğurlu siyasət

Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Ötən 6 ay ərzində Azərbaycanın maliyyə sferasında da yüksək səviyyədə yaxşılaşma müşahidə olunmuşdur. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi maliyyə vəziyyətinin yaxşılaşmasına təkan verən əsas amillərdəndir. Bütün bu görülən tədbirlər nəticəsində Azərbaycanın bu ilki dövlət büdcəsi rekord həddə çataraq 33 milyard manatdan çox səviyyəyə qalxmışdır.

Bu gün Azərbaycanda dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır,makroiqtisadi sabitlik ölkə iqtisadiyyatına təsir edir və bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırılmasına səbəb olur. Cənab prezident tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” nın ardıcıllıqla həyata keçirilməsi nəticəsində Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin olunmuş və bu ilin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərininin də əhalisinin öz doğma torpaqlarına qayıtması təmin olunacaqdır. Prezident İlham Əliyevin bildirdiyi kimi Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər artıq beş yaşayış məntəqəsində – bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulmuşdur.

Bu gün Azərbaycan bütün dünyada sülhün, qardaşlığın, insan hüquq və azadlıqlarının təmin olunduğu ölkə kimi tanınır. Danılmaz həqiqətdir ki, hər gün müasirləşən, yeniləşən müstəqil dövlətimiz bundan sonra da möhtəşəm uğurlara imza atacaq. Azərbaycanın bütün sahələrində, iqtisadi və sosial sahələrdə uğurlar qazanacağıq. Cənab prezident özü də qeyd etdiyi kimi öz vədinə sadiq qalacaq və ölkəmiz daha da böyük zirvələr fəth edəcək.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi