Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və rolu güclənib
İyulun 5-də Bakı Konqres Mərkəzində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzuna işıq saldı. 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə quruma sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı. Nəzərə alsaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dünyanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başladığı dövrə təsadüf edir, bu halda irəli sürdüyü təşəbbüslərin uğurlu nəticələrindən danışmamaq mümkünsüzdür. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan biri-birinə əks qütbləri bir araya gətirərək COVİD-19-un qlobal problem olduğunu və bunun üçün qlobal mübarizənin aparılmasının vacibliyini vurğuladı. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə öncə Türk Şurasının, sonra isə Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi və koronavirusla birgə mübarizənin sonrakı dövrlərdə müsbət nəticələri diqqətdən kənarda qalmadı. Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb.
Ölkə başçısı Fransa kimi ölkələrin neokolonizm siyasətini hələ də davam etdirməsini tənqid edərək qeyd etmişdir: “Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.”
Azərbaycanın hərəkata sədrliyi dövründə ən önəmli hadisələrdən birinin Vətən müharibəsində qazandığımız qələbə olduğunu qeyd edən ölkə başçısı bu qələbə əslində həm də beynəlxalq birliyin və ədalətin zəfəri idi. Qələbə nəticəsində 30 il işğal altında inləyən torpaqlarımız erməni faşistlərinin tapdağından azad edildi və bu torpaqların əzəli və əbədi sakinləri indi ata-baba yurdlarına qayıdırlar. İndi biz o torpaqlarda qurub yaradırıq. Halbuki özlərinin iddia etdikləri ərazilərdə ermənilər 30 ildə ancaq söküb dağıtmaqla məşğul olmuşlar.
“İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir.Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir.”-deyə, qeyd edən cənab Prezident bildirmişdir ki, kapitulyasiya aktını imzaladıqdan sonra da Ermənistan məhz Fransa kimi havadarlarına arxayın olaraq öhdəliklərini yerinə yetirməkdən, xüsusən Zəngəzur dəhlizini açmaq öhdəliyindən yayınmaq istəyir. Lakin zaman indi başqadır və şərtləri regionda biz diqtə edirik.
Azərbaycan bir dövlət olaraq dünya birliyində öz layiqli yerini tutmuş və sözünü demişdir. Məhz son 20 ildə aparılan məqsədyönlü siyasət ölkəmizə bu imkanı qazandırmışdır. Biz kimsənin torpaqlarına iddia etmirik, lakin öz azadlığımızı və suverenliyimizi təhdid edən hər bir kəsə də layiqli cavab verməyə hazırıq. Necə ki, cənab Prezident Fransa və digər erməni havadarlarının cavabını verdiyi kimi…
Aytən Məmmədli
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi