23 Dekabr 2024

Azərbaycanın dünyadakı rolu regional deyil, qlobal səviyyədədir

Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük qlobal təşkilatdır. Azərbaycanın Hərəkata sədrliyi dövründə çox ciddi işlər görülmüş və yeni təşəbbüslər irəli sürülmüşdür. Görülən işlər sırasında Qoşulmama Hərakatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılmasını xüsusi qeyd etmək lazımdır. Hər iki təsisat qurumun gələcəkdə təsirinin daha da artmasında və institusional inkişafında mühüm rol oynayacaqdır. Azərbaycanın belə bir nüfuzlu təşkilata sədrlik etməsi, sədrliyi dövründə həyata keçirdiyi institusional islahatlar, bugünkü Zirvə Toplantısı və dövlətimizin başçısı cənab İlham Əliyevin çıxışındakı tezislər və irəli sürdüyü qlobal xarakterli təşəbbüslər onu deməyə əsas verir ki, Azərbaycanın dünyadakı rolu regional deyil, qlobal səviyyədədir. Bu faktdır və bunu artıq dünyada hamı qəbul edir. Məhz, bu səbəbdən Azərbaycanın sədrliyi dövründə Hərakatın dünyadakı nüfuzu əvvəlki illərlə müqayisədə dəfələrlə artıb.

Dövlətimizin başçısı cənab İlham Əliyev çıxışında çox maraqlı və qlobal əhəmiyyətli məsələlərə toxundu, önəmli təkliflər verdi. Bu məsələlər sırasında dünyanı narahat edən beynəlxalq sülhə və təhlükəsizliyə olan təhdidləri aradan qaldırmaq, sülhün və təhlükəsizliyin təminatçısı funksiyasını yerinə yetirə bilməyən BMT-də və onun Təhlükəsizlik Şurasında ciddi islahaltların tezliklə həyata keçirilməsi ilə bağlı təklif, xüsusilə diqqəti cəlb etdi. Dövlətimizin başçısı “ BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamalı və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməlidir. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəstəklənməlidir” fikirlərini diqqətə çatdırdı. Ölkə rəhbəri, Pandemiya “2030: Davamlı İnkişaf Məqsədləri”nin icra olunmasına mənfi təsir etdiyini, hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylərin gücləndirilməsini vurğulamışdır. Azərbaycanın BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdiyini bildirən dövlət başçısı, bu panel postpandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya biləcəyini, Suverenliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub-Cənub əməkdaşlığı daha da gücləndirilməsini, həmin gündəlik Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac və prioritetlərinə uyğun olaraq təşkil edildiyini diqqətə çartdırmışdır.

COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcəyini qeyd edən dövlətimizin başçısı, Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək və Azərbaycanın ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırdığını bildirmişdir. Cənab Prezident, BMT Təhlükəsizlik Şurasının bu gün səmərəli olmadığını, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunduğunu lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmadığını diqqətə çatdırmışdır. 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdiyini bildirmişdir. Dövlət başçısı, “İşğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir.

2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur” fikirlərini diqqətə çatdırmışdır. Ölkəmizin işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri apardığını bildirən ölkə rəhbəri, hökumətin 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərclədiyini, bu il bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılması planlaşdırdığını, “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modeli olduğunu qeyd etmişdir. Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasında olduğunu bildirən dövlətimizin başçısı, ikinci Qarabağ müharibəsindən sonra, 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlının mina partlayışı nəticəsində həlak olduğunu və yaralandığını vurğulamış, Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycan Hərəkatının səsini qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını diqqətə çatdırmışdır. Ölkə rəhbəri, münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim etdiyini bildirmişdir.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı