23 Dekabr 2024

Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır

Tarixən dostluq, qardaşlıq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.

Seçkilərdən sonra iyunun 13-də Azərbaycan Respublikası Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edərək ölkələrimizin həmrəy olduqlarını vurğuladı.

Ölkə Prezidenti İlham Əliyev isə öz növbəsində qardaş Türkiyənin hər zamankı kimi, Azərbaycanın yanında olduğunu, ölkəmizin də hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olduğunu qeyd etdi.
İki ölkə prezidentlərinin geniş tərkibdə görüşündə mətbuata bəyanatında tarixi anlaşma olan Şuşa Bəyannaməsindən söz açılaraq bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq olduğu vurğulandı. Ötən iki il Şuşa Bəyannaməsinin imzalanması tarixi tələb olduğunu bir daha təsdiq etdi. Eyni zamanda – Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Eyni zamanda Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bəyannamənin Şuşada imzalanması isə rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.
Həmçinin, ölkə Prezidenti İlham Əliyev Türkiyə və Azərbaycan arasında əməkdaşlığın bütün sahələr üzrə  konkret proqramlar əsasında inkişaf etdiyini  bildirdi. Bu onu deməyə əsas verir ki, Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasətdə vahid mövqedən çıxış edəcəklər. Sözsüz ki, bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi olduqca önəmlidir. Otuz il ərzində hər birimiz beynəlxalq hüququn işləmədiyinin, qəbul olunan qərarların icra edilmədiyinin, güc amilinin ön plana çıxıdığının şahidi olduq. İki qardaş dövlətin müttəfiqliyi, regionda güc mərkəzinə çevrilməsi beynəlxalq hüququn, ədalətin, sabitlik və tərəqqinin regionda daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Buna görə də Türkiyə və Azərbaycanın birliyi dünyada qibtə ilə izlənir.

Zəngəzur dəhlizinin açılmasının gündəmdə olmasını qeyd edən ölkə başçısı bir daha vurğulamışdır ki, tezliklə dəhlizin açılması tam reallaşacaqdır. Bu istiqamətdə birgə səylərin sayı artıracaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.

Bəyanatının sonunda cənab Prezident bir daha qardaş ölkə Türkiyə ilə münasibətlərin qırılmaz bağlara malik olduğunu xatırladaraq qeyd etdi: “Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün, bölgə üçün, Türk dünyası üçün önəmlidir. Əminəm ki, gələcək illərdə bu birlik daha da güclənəcək və bizi yeni uğurlar, yeni qələbələr gözləyir.”

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan isə məlum təbii fəlakət zamanı Azərbaycanın verdiyi dəstəyi yüksək qiymətləndirərək dedi: “Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram.”

Bəyanatda səsləndirilən fikirlər Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.
Hesab edirəm ki, iki qardaş ölkə dünya birliyinə sülhün bərqərar olunması, sabitlik və təhlükəsizlik baxımından nümunədir. Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!”

Əhliyyət Əliyev – Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi