Ağstafada “Milli Qurtuluşumuzun 30-cu ildönümü” mövzusunda tədbir keçirilib

Ölkəmizdə “2023-cü il Heydər Əliyev İli” ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Ağstafa Aqrar Sənaye Kompleksinin böyük akt zalında “Milli Qurtuluşumuzun 30-cu ildönümü” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri, qazilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirin keçirildiyi zalda ilk öncə Dövlət Himnimiz səsləndirilib və ulu öndər Heydər Əliyevin, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra səhnənin böyük monitorunda nümayiş etdirilən “15 iyun–Milli Qurtuluş Günü və onun müəllifi, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev” mövzusunda video reportaja tamaşa olunub.
Tədbiri giriş sözü ilə açan Seymur Orucov qeyd edib ki, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtması ilə ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Digər çıxış edən natiqlər – YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, DSMF-nin 1 saylı Qazax-Tovuz regional filialının Ağstafa rayon şöbəsinin müdiri Asif Qənbərov, Mərkəzi Xəstəxananın həkimi Murad Babakişizadə, Mədəniyyət Mərkəzinin direktor əvəzi Xuraman Əzimova Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan, onun gələcək həyatını müəyyən edən və tariximizə ulu öndər Heydər Əliyev tərəfindən qızıl hərflərlə həkk olunan 15 İyun – Milli Qurtuluş Günü haqqında geniş məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqləndiklərinə görə bir qrup şəxs Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunublar.


