23 Fevral 2025

Ağstafada Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş günü münasibətilə “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, Ərazi Partiya Təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbirdən əvvəl Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər-çiçəklər düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmış Azərbaycan qısa vaxtdan sonra onu itirmək təhlükəsi ilə üzləşmişdi. Belə ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, anarxiya dövrü kimi xatırlanır. Bütün bunlar həmin dövrlərdə ölkəmizə liderlik xüsusiyyətlərinə malik olmayan, səriştəsiz şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. 1993-cü ilin iyununda ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir, əhalinin sosial vəziyyəti getdikcə ağırlaşırdı. Həmin dövrdə cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən yalnız təcrübəli siyasətçi Heydər Əliyev çıxarda bilər. Görkəmli dövlət xadimi Heydər Əliyevin Bakıya qayıtmasını xalq təkidlə tələb edirdi. Beləliklə, 1993 -cü ilin iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi qarşılaşdığı bəlalardan, müsibətlərdən xilas etdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və böyük risklərə, təhlükələrə baxmayaraq xalqın, dövlətin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma aradan qaldırıldı, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. “Olum, ya ölüm” ayırıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi.

Daha sonra tədbirdə çıxış edən digər natiqlər – Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbin müəllimi Vüsal Həsənov, Texniki Humanitar Təmayüllü Liseyin uşaq birliyi təşkilatının rəhbəri Naidə Həsənova, Ağstafa şəhər 1 saylı tam orta məktəbin direktoru Ramiz Nəsirov və “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumasından bəhs ediblər.

Sonda YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxslər fəxri fərmanlar ilə təltif ediliblər və Yeni Azərbaycan Partiyasına sıralarına yeni qoşulan gənclərə vəsiqələr təqdim olunub.