Şuşa Bəyannaməsi tarixin tələbi idi
Bir neçə gündən sonra iyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasının iki ili tamam olur. Ötən iki il Şuşa Bəyannaməsinin imzalanması tarixi tələb olduğunu təsdiq etdi. Eyni zamanda – Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Eyni zamanda Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
Azərbaycanla Türkiyənin yerləşdiyi bölgədə tarixi hadisələrin baş verdiyi bir zamanda müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artmışdı. Belə bir zamanda Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Eyni zamanda Şuşa Bəyannaməsi sülhə və inteqrasiyaya yol açmaqla bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bu isə işğaldan azad olunmuş ərazilərə yeni sərmayə qoyuluşu prosesini gücləndirməklə yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. İqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha ümidverici olmasını sübut edən amillərdən biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Digər tərəfdən bu, eyni zamanda, işğaldan azad edilən rayonların qısa müddət ərzində dirçəldilə biləcəyindən xəbər verir. Şuşada konsulluğun açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi tərəfi də var. Bu, Qarabağda Türkiyənin varlığı deməkdir. Eyni zamanda, bütün dünyaya verilən siyasi və diplomatik bir mesajdır.
Şuşa Bəyannaməsi ölkəmizin beynəlxalq nüfuzunu artırmışdır. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu daha da artıracaq. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması bunun təməlini təşkil edir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsi, Ukraynada davam edən müharibədə pilotsuz uçuş aparatların böyük rolu üzə çıxdı. Azərbaycan pilotsuz uçuş aparatlarının istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması üçün siyasi iradəyə sahibdir.
Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq demişdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.Prezident İlham Əliyevin uzaqgörənliklə söylədiyi fikirlər ötən iki ildə tarixin sınağından çıxdığını, həyatda təsdiqini tapdığını göstərdi. Bu isə o deməkdir ki, Şuşa Bəyannaməsi tarixi zərurətin nəticəsi olaraq yaranıb və bundan sonra da çağırışlara layiqincə cavab verəcək.
Seymur İslamov -Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru