22 Dekabr 2024

Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil

Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə deyib.

“Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər”, – söyləyən dövlətimizin başçısı qeyd edib ki, Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər.

Gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onların vətənpərvərlik ruhunun artırılması başlıca prioritetlərdən biri hesab edilir. Çünki istənilən ölkənin gələcəyi onun yetişməkdə olan gənclərindən asılıdır. Belə ki, Azərbaycan XX əsrin 90-cı illərində ikinci dəfə müstəqillik əldə etdikdən sonra hər bir sahə kimi gənclər sahəsinə də diqqət və qayğı başlıca prioritet sayıldı. Xüsusilə, ümummilli lider Heydər Əliyevin ölkə prezidenti seçilməsi sonradan gənclərlə bağlı bir neçə fərman və sərəncamların imzalanması gənclərin ölkənin ictimai-siyasi həyatında rolunun artırılmasına təkan verən amillərdən oldu. Heydər Əliyev gənclərlə bilavasitə işin aparılması, bu sahədə ixtisaslaşmış strukturun yaradılmasının zəruriliyini nəzərə alaraq 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzaladı. Bununla da gənclər sahəsində işin səmərililiyinin artırılması, gənclərin təşkilatlanması, xüsusilə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində işlər sürətləndirildi. Çox keçmədən ümummilli liderin müvafiq fərmanı əsasında “Dövlət Gənclər siyasəti haqqında” Qanun qəbul edildi. Qanunda açıq şəkildə göstərilirdi ki, gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyyə olunması dövlətin gənclər siyasətinin əsas prinsiplərindən biridir.

Bu gün ölkə gənclərinin böyük əksəriyyətində milli vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu desək yanılmarıq. Buna səbəb olan başlıca amillər isə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycanın Silahlı Qüvvələrinin əsgər və zabit heyəti ilə bağlı müntəzəm olaraq verdiyi fərman və sərəncamlar, onlara göstərilən diqqət və qayğı, dövlət başçısının tez-tez ön cəbhəyə səfər edərək hərbi təlimləri izləməsidir.

Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi hər bir məktəbin və ailənin ən vacib vəzifələrindən olmalıdır. Çünki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ailədə və ibtidai siniflərdə qoyulur. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində valideynlərin və ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür.

Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində maarifləndirici xarakter daşıyan materialların hazırlanması da önəmlidir. Xüsusilə, bu istiqamətdə sosial çarxlar hazırlanması daha məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, dünyanın hər yerində bu praktikadan geniş istifadə edilir.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi