03 Noyabr 2024

Doğma Laçınımız laçın çağlarına dönür

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə səfər etmiş və dogma yurdlarına qayıdan əhali ilə görüşərək, evlərin açarlarını onlara təqdim etmişdir. İlk sakinlər qarşısında etdiyi çıxışda dövlətimizin başçısı hazırkı dövr üçün çox əhəmiyyətli hesab edilən bir sıra ciddi və maraqlı siyasi məqamlarla bağlı fikirlərini açıqlamışdır. Prezident İlham Əliyevin məhz Müstəqillik günündə Laçın rayonuna səfər etməsi bu ərazinin Azərbaycan üçün böyük strateji, coğrafi və siyasi əhəmiyyətə malik olduğunun göstəricisidir.Görüşdə ölkə rəhbərimiz qeyd etmişdir ki, Ötən dövrdə aparılan tikinti-quruculuq işlərinə nəzər salıb deyə bilərik ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaqdır. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilərlər.

Bu gün qürur hissi ilə deyə bilərik ki, indi Böyük Qayıdışın nəticəsi olaraq işğaldan azad olunmuş rayonlarımız dirçəlməkdədir. Artıq ölkə Prezidenti İlham Əliyevin müvafiq tapşırıqları əsasında işğaldan azad olunmuş ərazilərimizdə nəqliyyat yolları, sənaye parkları, digər infrastrukturlar inşa edilib və bu proses bu gün də uğurla davam etməkdədir.

Müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqeyini kifayət qədər möhkəmləndirib. Bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir Əminliklə demək olar ki, Möhtərəm Prezidentimizin gərgin əməyi və səyi nəticəsində işğaldan azad olmuş torpaqlarımızda tikinti,quruculuq işləri sürətlə aparılaraq bütün məcburi köçkün bacı və qardaşlarımız dədə-baba yurdlarına qayıdacaqlar.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi