05 Fevral 2025

“ÜMUMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDLİYYƏSİNİN İNTİBAHI”

Tarixi yazmaq yalnız dahilərə məxsus xüsusiyyətdir, ölkələrin, millətlərin taleyini müəyyən edən, mövcudiyyətini davamlı qılan məhz həmin dahi şəxsiyyətlərdir. Müasir Azərbaycanın tarixi də Ümummilli lider Heydər Əliyevin adı olmadan təsəvvür edilə bilməz. Onun adı təkcə dünənlə yox, gələcək nəsillərlə, müstəqil ölkəmizin gələcəyi ilə birgə anılır. Bu nüans liderin ölməzliyinə, onun azərbaycançılıq ideologiyasının əbədiliyinə bir daha əminlik yaradır. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə dövlət başçısı İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Ümummilli liderin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Müstəqil Azərbaycan tarixinin ən mühüm və silinməz səhifələrini təşkil edir. Bu mənada dövlət başçısı İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan etməsi haqqındakı tarixi Sərəncamı çoxəsrlik Azərbaycan tarixində xüsusi yeri olan Heydər Əliyev fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaqdır. Sərəncamda da vurğulandığı kimi, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır.

Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə yadda qalmışdır. Ümummilli liderimizin söylədiyi bütün fikirlər hər birimizin fəaliyyət prinsipinə çevrilmişdir. Onun uzaqgörənliklə söylədiyi bir fikir isə ədliyyə işçilərinin üzərinə daha böyük məsuliyyət qoyur: “Hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”.

Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğılı münasibət göstərilmiş, Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi 1918-ci ildə təsis edilmiş Azərbaycan ədliyyəsi bir əsrlik mürəkkəb və şanlı inkişaf yolu keçmişdir. Azərbaycanda ədliyyə sisteminin intibahı məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, bir neçə dəfə ləğv edilmiş Ədliyyə Nazirliyinin fəaliyyəti məhz Ulu Öndər tərəfindən 1970-ci ildə bərpa edilmiş, zəruri normativ sənədlər qəbul olunmuş və milli kadr hazırlığına xüsusi diqqət yetirilmişdir. Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra Ümummilli Liderin rəhbərliyi ilə Ədliyyə Nazirliyinin cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, müasir məhkəmə sistemi yaradılmış, məhkəmələrin müstəqilliyinin təmin olunması üçün mühüm addımlar atılmışdır. Notariat və qeydiyyat orqanlarının iqtisadi və hüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq bu orqanlarda da əsaslı islahatların həyata keçirilməsi üçün hüquqi baza yaradılmış, Ailə Məcəlləsi, “Notariat haqında” Qanun və digər qanunvericlik aktları qəbul edilmişdir. Möhtərəm Heydər Əliyevin 6 mart 2000-ci il tarixli Fərmanı ilə qeydiyyat orqanlarının idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı mühüm qərar qəbul olunmuş, bu orqanların ikili tabeçiliyinə son qoyularaq, onlar Ədliyyə Nazirliyinin strukturuna daxil edilmişdir. Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur. Azərbaycan ədliyyə işçilərinin peşə bayramını təsis etməklə ümumilli liderimiz ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır. 

Ulu Öndərin  layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevdə ədliyyə orqanlarının işinin təkminləşdirilməsi sahəsində görülən işləri uğurla davam etdirib. Belə ki, 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, nazirliyə vəzifələr həvalə edilib, strukturu təkmilləşdirilib. Müstəqillik dövründə ilk dəfə olaraq – dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub və Azərbaycan Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb. Dövlətimizin başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilib. Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə peşə  bayramı ərəfəsində Prezident İlham Əliyevin noyabrın 20-də imzaladığı sərəncamlarla Azərbaycan Respublikasının hakimlərinə və ədliyyə orqanları işçilərinə fəxri adların, ali xüsusi rütbələrin, orden və medalların verilməsi peşə bayramı ərəfəsində ədliyyə işçilərinə dövlət başçısı tərəfindən verilən qiymətin bariz nümunəsidir. Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması sahəsidir. Qeyd etdiyimiz təkmilləşdirmə, müasir texnologiyaların tətbiqi, hüquqi və innovativ islahatlar bu sahəyə də tətbiq edilib. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə” dövlətimizin başçısının 2020-ci ilin sentyabrında imzaladığı Fərmanından irəli gələrək uzaq kənd və qəsəbələrdə fəaliyyət göstərən yerli icra nümayəndəlikləri nazirliyin informasiya sistemlərinə qoşularaq qeydiyyatın həmin sistem vasitəsilə həyata keçirilməsi təmin edilib. Bununla əlaqədar 2021-ci il dekabrın 27-də Ailə Məcəlləsinə dəyişiklik edilib və qısa müddətdə doğumun, atalığın müəyyənləşdirilməsinin, eləcə də ölümün elektron qaydada dövlət qeydiyyatının həyata keçirilməsi və bununla bağlı elektron şəhadətnamələrin verilməsi həyata keçirilib. Eyni zamanda, respublikanın xaricdəki konsulluqlarının nazirliyin informasiya resurslarına qoşulması nəticəsində ədliyyə xidmətlərindən ölkə hüdudlarından kənarda da yararlanmaq imkanı yaradılıb. Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə 2022-ci ildə də müasir çağırışlara uyğun islahatlar həyata keçirilmiş, ədliyyə orqanlarının fəaliyyətinin dövlət başçısının tələbləri səviyyəsində müasirləşdirilməsi, rəqəmsal idarəçiliyin tətbiqi ilə bağlı və digər əməli tədbirlər görülmüş, müsbət nəticələr əldə olunmuşdur. Nazirliyin yaratdığı “Mobil notariat” tətbiqinə ictimai marağın artması və  ictimaiyyət üçün tələbli olması nəzərə alınaraq funksionallığı genişləndirilmişdir. Belə ki, “Mobil əhali” tətbiqi də insanlara vətəndaşlıq vəziyyəti aktlarının (doğumun, ölümün) qeydiyyatı ilə bağlı növbəti innovativ xidmət imkanı yaradır. Bu innovasiya vasitəsilə həm ölkə daxilində, həm xaricdə yaşayan vətəndaşlar məkandan asılı olmayaraq və növbədə gözləmədən nazirliyin qeydiyyat orqanları, onların iş rejimi, dislokasiyası, əlaqə vasitələri barədə məlumat ala, həmin qurumlara getmədən doğumun və ölümün elektron qaydada qeydə alınması, müxtəlif arayışların əldə olunması və digər vətəndaşlıq vəziyyəti aktları barədə xidmətlərdən yararlana  bilirlər.

Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi geniş miqyaslı işlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz bəhrəsini verir, Ulu Öndərin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün yaşayır və zəfər çalır. Biz hamımız inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır. Bu gün tam əsasla deyə bilərik ki, Ulu Öndərimizin ümummilli və ümumbəşəri ideyaları daim xalqımızın, millətimizin yoluna işıq saçacaq və müstəqil dövlətimizin daha da güclənməsində böyük rol oynayacaq.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naftalan şəhər Qeydiyyat şöbəsinin rəisi:     Aytəkin Səmədzadə