Yay aylarında Donetskdə münaqişə alovlanacaq – PROQNOZ
Aleksey Arestoviç: “Vəziyyətin belə qalması mümkün deyil, praktiki olaraq kəskinləşmə qaçınılmazdır”
Donetskdə münaqişənin kəskinləşməsi qaçınılmazdır. AYNA xəbər verir ki, bu barədə “Ukrayna 24” telekanalının efirində Üçtərəfli Əlaqə Qrupundakı (TCG) Ukrayna nümayəndə heyətinin müşaviri Aleksey Arestoviç bildirib.
Arestoviç deyib ki, münasişənin alovlanması qaçınılmazdır və bu gec-tez baş verəcək.
“Vəziyyətin belə qalması mümkün deyil, praktiki olaraq kəskinləşmə qaçınılmazdır. Kreml niyyətindən əl çəkməyəcək. Dəqiq tarix göstərməyi öhdəmə götürmürəm, baxmayaraq ki, bu ilin yazında və ya yay aylarında kəskinləşmənin ola biləcəyinə dair əlamətlər var”, – deyə müşavir qeyd edib.
Qeyd edək ki, 2014-cü ildə Donetsk və Luqansk bölgələri Kiyevdəki mərkəzi hakimiyyət dəyişikliyindən sonra “müstəqilliyini” elan edib. Ukrayna bu separatçılığın Rusiya tərəfindən dəstəklədiyini bildirərək, Rusiyanı işğalda günahlandırır. Rəsmi Moskva isə iddianı rədd edir.