22 Dekabr 2024

Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur

Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifah halının yaxşılaşdırılmasına və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı çox xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünyamiqyaslı dahi şəxsiyyət, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa bir zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı bəxş etmişdir.

Xalqımızın son otuz illik tarixi məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçilmiş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Ulu öndərimiz fəaliyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər I katib işləyərkən, istərsə də keçmiş ittifaqda rəhbər vəzifələrdə çalışarkən hər zaman Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutmuşdur. O, dəfələrlə xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə əleyhdarlarını yerində oturtmuşdur.

Ulu öndər Heydər Əliyevin qarşısında müstəqil Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən xilas etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti xilas edə bilər. Çünki ümummilli liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan dərin məhəbbəti onun bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu.

Göründüyü kimi, Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır ki, o, özündən sonrakı Azərbaycanı təsadüflərin ixtiyarına buraxmadı, xalqı və dövləti güclü idarəetmə qabiliyyətinə malik gənc liderə – İlham Əliyevə etibar etdi.

Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, belə idarəetməni və onu həyata keçirmək üçün komandanı, təbii ki, yalnız dahi Heydər Əliyev məktəbini keçmiş, ondan tərbiyə almış və zəngin idarəetmə qabiliyyətinə malik olan möhtərəm İlham Əliyev formalaşdıra bilərdi.

Dahi Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmaqla yanaşı, həm də Azərbaycan dövlətini davamlı iqtisadi inkişafa aparan düşünülmüş strategiyanın banisidir.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı