“Nərmin işi” tam araşdırılmamış yekunlaşdı – Nərminin nənəsi əsl qatilin tapılmasını tələb edir
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı 2 ilə yaxındır Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə prosesi yekunlaşır.
Musavat.com xəbər verir ki, aprelin 26-da hakimlər bu iş üzrə məhkəmə istintaqının başa çatdığını elan edib. Hərçənd, azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanov da, onun vəkilləri də bu qərara etiraz edib. Onlar bildirib ki, məhkəmədə araşdırılası məsələlər qalıb, hakimlərin özünün təmin etdikləri vəsatətlər icra olunmayıb. Keçirilən məhkəmə iclasında hələ əvvəldən vəkillər məhkəmə prosesinə sədrlik edən hakim Dadaş İmanova yazılı şəkildə etiraz verib. Vəkillər etirazlarında göstərib ki, adıçəkilən hakim prosesi qərəzli idarə edir, müdafiə tərəfinin vəsatətləri iş üçün əhəmiyyətli olan vəsatətləri heç bir əsas göstərilmədən təmin olunmur və s. Lakin bu etiraz baxılmamış saxlanılıb. Bundan sonra vəkillər Dadaş İmanovla yanaşı, məhkəmə tərkibinə daxil olan digər 2 hakimə – Faiq Mahmudov və Nural Əliyevə də etiraz verib. Etirazlarını belə əsaslandırıblar ki, qanunun tələbinə görə, adları çəkilən hakimlər Dadaş İmanova verilmiş etiraza ikisi baxıb qərar verməliydilər. “Bizim gözümüzün qarşısında qanunvericiliyin tələbləri pozuldu. Etiraza üç nəfər birlikdə gedib baxıb qərar verdi. Bizə də qərarı Dadaş İmanov özü elan etdi. Halbuki, biz ona etiraz edirdik”, – vəkil Əlibaba Rzayev bildirib.
Hər 3 hakimə verilmiş etiraz da baxılmamış saxlanılıb.
Məhkəmədə Ədliyyə və Səhiyyə Nazirliyinin 3 eksperti əlavə şahid qismində dindirilib. Ədliyyə Nazirliyinin eksperti Zemfira Məmmədovanın çağırılmasının səbəbi bu işdəki müəmmalı cins şalvar məsələsilə bağlıdır. Məsələ burasındadır ki, hadisə yerindən tapılmayan, oradakı geyim və əşyalarla bağlı protokolda olmayan cins şalvarın ekspertizaya necə gedib çıxdığı məlum deyil. Məhkəmədə bundan öncə dindirilmiş Aysel Cavadova adlı ekspert rəy verib ki, uşağa aid cins şalvar parçasının üzərindən İlkin Süleymanovun gödəkçəsinin lifi tapılıb. Ekspert iddia edib ki, meyit yananda o şalvar da üstündə olub.
Aysel Cavadovanın rəyinə əsasən, o, təqdim edilən 5 nömrəli bağlamanı açanda onun içindən sözügedən cins şalvar parçasını tapıb.
Lakin həmin bağlama ilə bağlı Zemfira Məmmədova da rəy verib. O isə rəyində cins şalvar tapılmasını göstərməyib. Məhkəmədə də ona bu haqda sual veriləndə deyib ki, 5 nömrəli bağlamada cins şalvar, qırmızı əski parçası və s. görməyib. Nə görübsə, onu da rəyində yazıb.
Səhiyyə Nazirliyinin eksperti Elşən Məmmədovdan isə vəkillər Nərmin Quliyeva ilə bağlı qanın nəticələrinin nə vaxt hazır olduğunu soruşublar. O bildirib ki, 2020-ci il yanvarın 27-də. Ondan həm də soruşulub ki, bundan öncə həmin rəyi başqalarının, o cümlədən prokurorluqdakı səlahiyyətli şəxslərin əldə etməsi mümkün idimi? O, “xeyr” cavabını verib.
Məsələ burasındadır ki, o vaxtkı Baş Prokuror Zakir Qaralov ekspert rəyi 2020-ci il yanvarın 27-də hazır olduğu və fevralın 21-də prokurorluğa göndərildiyi halda, Zakir Qaralov yanvarın 22-də Ombudsmana bu məsələ haqda yazdığı məktubunda artıq həmin rəyə istinad edib.
Məhkəmədə Nərmin Quliyevanın ana nənəsi Minayə İsmayılova da dindirilib. Vəkillərin ona veriləcək çoxsaylı sualları olsa da, hakim Dadaş İmanov sualların çərçivəsini məhdudlaşdırıb. Hətta buna görə vəkillərlə hakim arasında mübahisə də yaranıb.
“Niyə imkan vermirsiz dindirək? Onun danışmasının qarşısını alırsız…”, – vəkil Əlibaba Rzayev etiraz edib.
Hakim isə bildirib ki, hansı məsələ ilə əlaqədar əlavə şahid qismində çağırılıbsa, o mövzuda da suallar verilməlidir. Vəkillər isə etiraz edib ki, belə bir tələb qoyula bilməz.
Minayə İsmayılovanın prezidentə, Baş prokurora bir neçə məktubu var ki, orada İlkin Süleymanovun qatil olmadığını göstərir, əsl qatilin tapılmasını istəyir. O, bu haqda suala belə cavab verib: “Mən demişəm ki, İlkin deyilsə də, kimdirsə, tapın…”
Lakin onun nəzərinə çatdırılıb ki, məktubunda “qatil İlkin deyil” yazıb. O, bu haqda suallara konkret cavab verməyib.
Vəkillər ona xatırladıb ki, hadisədən sonra telekanallardakı çıxışlarında, mediaya müsahibələrində qızını və kürəkənini, həmçinin uşağın əmisini ittiham edirdi. O, cavabında deyib ki, həmin dövrdə hər kəsdən şübhələnirdi.
Məhkəmədə o da məlum olub ki, Nərmin Quliyeva itkin düşməmişdən az öncə onun atası anasının iş yerinə gedib, orada aralarında dava olub. Nəticədə Şərif Quliyev həyat yoldaşı Aynurə İsmayılovanı bıçaqlamaq istəyib. Bununla əlaqədar Minayə İsmayılova və qızı Aynurə İsmayılovanın polisə şikayəti olub.
Vəkillər hadisədən əvvəlki bu davanın səbəbini soruşublar.
“Hamının evində olur da…” – Minayə İsmayılovanın bu cavabından sonra hakim davam etdirməyə imkan verməyib və bu məsələlərin işə aidiyyəti olmadığını bildirib.
Vəkillər isə deyib ki, cinayət işinin materiallarında Minayə İsmayılovanın 5 ifadəsi var. Bıçaqlanma cəhdi haqda deyilənlər də həmin ifadələrdən birində öz əksini tapıb.
Bundan sonra məhkəmə istintaqının tamamlanması məsələsini Dadaş İmanov müzakirəyə çıxarıb. Vəkillər etiraz edib.
“Biz İlkin Süleymanovgilin evində olan uşaqların dindirilməsi barədə vəsatət qaldırmışdıq, siz də təmin eləmişdik. Niyə onları dindirmirsiz? Təmin eləmisiniz axı. Telefon zənglərilə bağlı sənədləri niyə tədqiq eləmirsiz? İşin içindəki diskə baxış keçirilməsi haqda vəsatəti təmin eləmisiz, amma baxış keçirməmisiz. Belə məhkəmə olar?”, – Zabil Süleymanov etiraz edib.
Etirazlara baxmayaraq, məhkəmə istintaqının tamamlanmasına qərar verilib.
Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Ona mayın 3-nə qədər vaxt verilib.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.
İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.
E.MƏMMƏDƏLİYEV