Səlim Müslümovun məhkəməsi bu səbəbdən təxirə düşdü
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə proses baş tutmayıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrlik etdiyi prosesin təxirə salınmasına səbəb vəkillərin vəsatəti olub.
Hakim deyib ki, istintaqı aparılan israfetmə epizodu üzrə dəymiş ziyanın tam ödənilməsi ilə bağlı işlər tamamlanmayıb. Buna görə də vəkillər aprelin 17-nə təyin olunan prosesin təxirə salınmasını istəyiblər.
Hakim qeyd edib ki, tərəflər iş üzrə dəymiş ziyanın tam və hərtərəfli ödənilməsini istəyirlər.
Buna görə də proses aprelin 28-dək təxirə salınıb.
Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
O, rüşvət alma yolu ilə 13milyon 296 min 355 manat, mənimsəmə yolu ilə 7 milyon 237 min 188 manat, israf edilmiş yolla 7 milyon 87 min 671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri-yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.
E.Məmmədəliyev